İlk Mini elektrokarının istehsalına bu ilin noyabrında başlanacaqdır. Mini Cooper SE adlandırılmış hetçbek BMW i3 S modelinin güc qurğusu ilə təchiz ediləcəkdir. İlkin məlumata görə, elektrokar dolu batareya ilə 235 kilometr (WLTP) qət edəcəkdir.

Elekrokarın xarakteristikalarını, yeni modelin buraxılışına həsr edilmiş bağlı tədbirdə iştirak edən «Autoevolution» dərgisinin əməkdaşları açıqlayıblar. Məhz onlar, Mini Cooper SE modelinin BMW i3 S modelinin güc aqreqatı ilə təchiz ediləcəyini söyləyiblər. Əgər söyənilənlər həqiqətdirsə, Mini Cooper SE 184 at qüvvəsi və 270 Nm fırlanma anı hasil edən elektromotor və 33 kilovat-saatlıq batareya bloku ilə hərəkətə gələcəkdir.

Mini Electric Concept

200 kiloqram çəkisi olan batareyalar mərkəzi tonneldə, baqaj bölümündə və səsboğucu sistemin yerində yerləşdiriliblər. Hetçbekin ümumi çəkisi 1360 kiloqramdır ki, bu da avtomatik qutu ilə təchiz edilmiş Mini Cooper S modelində olduğundan 130 kilqoram çoxdur. Eelktrokar 100 km/saat həddinə yeddi saniyədən az müddətə sürətlənməlidir. Bu göstəriciyə görə o, 2,0-litrlik turbomühərriki olan Cooper S modeli ilə bənzərdir.

Xatırladaq ki, seriya elektrokarının carçısını 2017-ci ildə Frankfurt avtosalonunda nümayiş etdiriblər. Konsept xüsusi tənzimləmələrə və 19 düymlük təkər disklərinə sahib idi. Konseptin bir sıra kuzov panelləri 3D printerində çap edilmişdi.