Mini şirkətinin şef-dizayneri işləyən Anders Varminq karyerasını Borgward şirkətində davam etdirəcəkdir. Qırx üç yaşlı danimarkalı çin-alman şirkətinin direktorlar şurasına daxil olaraq, yenidən həyata qaytarılmış alman istehsalçısının modellərinin xarici görkəminə cavabdeh olacaqdır. Varminq rəsmi olaraq yeni vəzifəsinin icrasına 2017-ci ilin 1 yanvar tarixindən başlamalıdır. Bu vəzifə Borgward şirkəti tərəfindən xüsusi olaraq Varminq üçün təsis edilmişdir.

Şirkətin direktorlar şurasını sədri Ulrix Valkerin sözlərinə görə, danimarkalı mütəxəssisin bu vəzifəyə təyin edilməsi dizaynın Borgward markası üçün nə qədər vacib olduğunun göstəricisidir. 1929-cu ildən 1961-ci ilə kimi fəaliyyət göstərmiş alman markası, 2015-ci ildə çin kapitalının köməyi ilə yenidən fəaliyyətini bərpa etmişdir. Borgward markasının əsas sərmayədarı Çinin Foton Motors şirkətidir. İstehsalçının mənzil-qərargahı Ştutqartda yerləşsə də, bu markanın yeni modelləri Çin Xalq Respublikasında istehsal ediləcəkdir.

Hal-hazırda Borgward şirkəti yalnız BX7 krossoverinin seriya istehsalı ilə məşğuldur. Bundan başqa, şirkət bu ilin mart ayında keçirilmiş Cenevrə avtosalonunda BX5 və Projekt BX6 TS prototiplərini nümayiş etdirmişdir. Borgward BX5 krossoverinin istehsalına bu il başlanmalıdır.

Yeni modelin satışları ilkin olaraq Çin bazarında start veriləcəkdir. Sonradan avtomobilin başqa bazarlarda da satılmasına başlanacaqdır.