Əfsanəvi Mitsubishi Pajero ofrouderi dünya bazarından tədricən çıxardılır. Ofrouderin Avropadakı satışlarına 2018-ci ildə son verilib və eyni zamanda üçqapılı ofrouderin sonuncu nüsxəsi konveyeri tərk edib. 2019-cu ilin yazında Pajero doğma Yaponiya bazarından çəkilib.

İndi isə həmin an gəlib çatıb: Mitsubishi Pajero modellərinin istehsalı bu ilin mart ayında tamamilə dayandırılıb. Final seriyasından olan ofrouderlər Avstraliyada satılacaqdırlar.

Final Edition adlı vida versiyasından olan ofrouderlər adi Pajero modelindən elə də ciddi fərqlənmirlər. 800 nüsxəlik tirajla buraxılmış modellər yerli bazarda GLS, GLX və Exeed versiyalarında təklif ediləcəkdirlər.

Final Edition seriyasından olan avtomobillərin xüsusiyyətləri arasında xüsusi seriyanın adı olan emblemlər, kapotdakı qara rəngli deflektor və xüsusi ayaqaltılar var. Bundan başqa, istismar rəhbərliyi və servis kitabçası üçün dəri örtük də nəzərdə tutulub. Bütün avtomobillər 192 at qüvvəli 3,2-litrlik turbodizel və beş pilləli “avtomat” ilə təchiz ediliblər.

İlk Mitsubishi Pajero modeli 1982-ci ildə debüt edib və indiki dördüncü nəsil isə 2006-cı ildən başlayaraq istehsal olunurdu. Əslində sonuncu nəsil 1999-cu ildə debüt etmiş üçüncü nəsil Pajero modelinin modernləşdirilmiş versiyasıdır.

39 il ərzində 3,3 milyon Mitsubishi Pajero modeli istehsal edilib, lakin istehsalın pik həddi 175 min ofrouderin buraxıldığı 1992-ci ilə təsadüf edir. Son 10 ildə orta hesabla hər il 50 min Pajero ofrouderi konveyerdən çıxıb. Bu illər ərzində Yaponiyada 640.000, Avstraliyada 150.000 avtomobil satılıb.

Pajero modelinin birbaşa varisi olmayacaqdır: hazırda Mitsubishi şirkəti bir sıra çətinliklərlə üzləşib və bu sinifdən olan müasir ofrouderin yaradılması üçün kifayət edəcək vəsaitə malik deyil.

Buna baxmayaraq, əfsanəvi adın qlobal bazarlara qayıtma ehtimalı var. Çox güman ki, Pajero krossoverə çevriləcək və yeni Nissan Pathfinder modelinin bənzəri olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeri gəlmişkən, ofrouderlərin istehsalına xitam verildikdən sonra, Yaponiyanın Gifu prefekturasındakı tamamilə Mitsubishi şirkətinə məxsus olan Pajero Manufacturing zavodu da bağlanacaqdır. Bu zavodda Pajero modeli ilə yanaşı Outlander və Delica D: 5 modelləri də istehsal edilirdi.  Son iki modelin istehsalı Okadzakidəki zavoda keçirələcəkdir. 

Pajero Manufacturing zavodu 1943-cü ildən bəri fəaliyyət göstərir və iyun ayının sonunadək bağlanacaqdır.