Ducati 1299 Panigale S Anniversario

Əfsanəi Ducati Motor Holding S.p.A. şirkəti bu il yaranmasının 90 illik yubileyini qeyd edir. Bu münasibətlə italyan istehsalçısı Ducati 1299 Panigale sportbaykının xüsusi modifikasiyasını təqdim etmişdir. Ducati 1299 Panigale S Anniversario adını almış yubiley seriyasından olan motosikldən 500 nüxsə buraxılacaqdır. “Yubiley” seriyasından olan motosiklin rəsmi təqdimat mərasimi hər il keçirilən World Ducati Week tədbirində baş tutacaqdır.

Məhdud sayda istehsal ediləcək Ducati 1299 Panigale S Anniversario baykı MotoGP çempionatının ikiqat dünya çempionu və italyan markasının test-pilotu olan Keysi Stouner tərəfindən təqdim edilmişdir. “Yubiley” seriyasından olan motosikl 1285 kub santimetr iş həcmi olan Superquadro mühərriki ilə təchiz edilir. Bu aqreqat 205 at qüvvəsinə və 144,6 Nm fırlanma anına malikdir. Güc aqreqatı altı pilləli DQS (Ducati Quick Shift) sürətlər qutusu ilə birgə çalışır.

Yubiley seriyasından olan 1299 Panigale modelinin təchizatına ABS, Ducati Electronic Suspension (DES) elektron asqısı, asqının parametrlərini təyin etməyə yardım edən Öhlins Smart EC idarəetmə sistemi, villi-kontrol və mühərriklə əyləcləmə EBC (Engine Brake Control) sistemi daxildir.

Ducati 1299 Panigale S Anniversario baykının qabaq təkəri 5 millimetr önə çəkilmişdir ki, bu da Panigale R modelinin şassi həndəsəsi ilə tam uyğunluq təşkil edir. Bundan əlavə, model üçün xüsusi yüngül litium akkumulyatoru, karbondan hazırlanmış ayaq müdafiəsi və arxa qanad ilə təchiz edilmişdir ki, bu da Panigale S modifikasiyasına nisbətən 2,5 kiloqram çəkiyə qənaət etmək imkanı vermişdir.

Baykın ön öxunda Pirelli Diablo Supercorsa SP 120/70 ZR17, arxa oxunda  isə Pirelli Diablo Supercorsa SP 200/55 ZR 17 təkərləri quraşdırılmışdır.  Ön təkərin əylənlənməsinə ikidiskli (2x330 mm) və dörd porşenli “üzən” Brembo Monobloc EVO M50 əyləc mexanizmləri və standart ABS cavabdehdir.  Arxa təkərlər isə 245 millimetrlik diski, həmçinin iki porşenli supportları və ABS sistemi olan  əyləc mexanizminə malikdirlər.

Ducati 1299 Panigale S Anniversario baykı MotoGP çempionatında iştirak edən yarış motosikllərinin “döyüş” rənglərini xatırladan livreyanı əldə etmişdir. 500 adədlik tirajla buraxılacaq hər bir baykda onun fərdi nömrəsini əks etdirən lövhəcik quraşdırılacaqdır. Artıq Ducati 1299 Panigale S Anniversario modelinin satışlarının iyul ayının ortalarından başlanacağı məlumdur. Eksklyuziv motosiklin satış qiymətləri 29590 avrodan başlayır. İstehsalçı tərəfindən yürüşdən aslı olmayaraq hər bir bayka  24 ay zəmanət verilir.

ДРУГИЕ СТАТЬИ