Nissan Qashqai krossoveri bu ilin yazında restaylinq keçibdir. Bununla belə, yapon istehsalçısı avtomobili təkmilləşdirməyə davam edir. Dünən Nissan şirkətinin mətbuat xidməti Qashqai modelində baş vermiş yeniliklər barədə məlumat verib.

Beləliklə, Avropada satılan yığcam krossover yeni benzin mühərrikinə və təkmilləşdirilmiş multimedia sisteminə sahib olub. Avtomobil Nissan-Renault alyansının Daimler AG konserni ilə birgə hazırladıqları yeni 1,3-litrlik turbomotorla təchiz ediləcəkdir. Yeni aqreqat 1,2 və 1,6-litrlik benzin mühərriklərini əvəz edib.

Nissan Qashqai modeli üçün bu mühərrik üç müxtəlif güc variantında və transmissiyalar ilə təklif ediləcəkdir. Məsələn, 140 (240 Nm) və 160 (260 Nm) at qüvvəsinə malik olan mühərriklər 6-pilləli mexaniki qutular ilə tandemdə çalışacaqdırlar.

Mühərrikin 160 at qüvvəsi və 270 Nm hasil edən variantı isə yeni yeddi diapazonlu DCT “robotu” ilə tandemdə çalışacaqdır. Nissan şirkəti yeni turbomühərrik ilə təchiz edilən Qashqai krossoverinin 100 kilometrə ortalama yanacaq sərfiyyatının 5,3 litrə bərabər olduğunu iddia edir. “Robotla” təchiz edilən modellərdə bu göstərici isə 5,5 litr təşkil edir.

Bundan başqa, Qashqai təkmilləşdirilmiş məlumat-əyləncə kompleksinə də sahib olub. Multimedia sistemi əvvəlki kimi yeddi düymlük sensorlu ekrana malik olsa da, yeni displey daha funksional olubdur. Eyni zamanda, Nissan smartfonlar üçün nəzərdə tutulmuş Door to Door Navigation tətbiqini də işə salıbdır. Yeni tətbiq genişləndirilmiş imkanlar təklif edir. Məsələn, telefonda marşrutu planlaşdıraraq avtomobilin multimedia sisteminə ötürmək olar.

Yenilənmiş Nissan Qashqai modelinin Avropadakı satışlarına bu ilin sonunda başlanacaqdır.