Xatırlayırsınız isə, keçən ilin may ayında Audi şirkətinin baş direktoru Rupert Ştadler, 2017-ci ildə bayraqdar sedanı olan A8 modelinin yeni nəslinin təqdim ediləcəyini rəsmi şəkildə bəyan etmişdi. O bu bəyənatı, şirkət səhmdarlarının İnqoştat şəhərində keçirilən illik yığıncağında səsləndirmişdir.

Elə həmin yığıncaqdan az bir müddət keçdikdən sonra yeni nəsil bayraqdar sedanın kamuflyaja bürünmüş test prototipləri cəsusların obyektivlərinə tuş gəlmişdir. Bu şəkilləri təhlil edən "Motor1" saytının dizaynerləri yeni nəsil A8 modelinin zahiri görünüşünü əks etdirən renderi hazırlamışdırlar. Yeni nəsil Audi A8 bayraqdarının zahiri görkəmi, markanın yeni şef-dizayner Mark Lihtin başçılıq etdiyi dizayenrlər komandası tərəfindən yaradılmış Prologue konseptinin dizayn üslubunda hazırlanmışdır.

Yeni bayraqdar sedanı MLB evo platformasının əsasında istehsal ediləcək və sələfindən 200 kiloqram yüngül olacaqdır. Rupert Ştadlerin sözlərinə görə, Audi A8 modeli «avtopilot sistemi ilə təchiz edilmiş ilk seriya avtomobili» olacaqdır. Audi A8 sedanının yeni mühərrik qammasına, Bentley Bentayga krossoverindən tanış olan 600 at qüvvəsi olan iki turbokompressorlu W12 mühərrik də daxil ediləcəkdir. Alman şirkətindən avtomobilin təqdimatı barədə səhih məlumat verilməsə də, onun rəsmi nümayişinin bu ilin payızında baş tutacaq Frankfurt avtosalonunda keçirələcəyi ehtimal edilir.