Bu gün Avstraliyada Formula 1 çempionatının yeni mövsümünün ilk təsnifat mərhələsi keçirilib. Təsnifat mərhələsinin qalibi Mercedes komandasının pilotu və qüvvədə olan dünya çempionu Lyuis Həmilton olub. Bu poul Həmiltonun Avstraliyada əldə etdiyi səkkizinci və altıncı ardıcıl pouludur.

Albert-parkda keçirilən üç sərbəst yürüşlərə liderlik edən Lyuis Həmilton, sıralamada da rəqiblərinə şans verməyib. Sonuncu seqmentdə dövrəni 1:20,486 zamanla başa vuran Həmilton, ikinci nəticəni göstərmiş komanda yoldaşından 0,112 saniyə yeyin olub. Bundan başqa, onun göstərdiyi zaman Albert-parkdakı trassın yeni rekordu olub.

Sebastyan Fettel Mercedes pilotlarını təqib edən pilotlar arasında ən yeyini olub. O, poulun sahibinə 0,704 saniyə uduzub.  Red Bull pilotu Maks Ferstappen dördüncü nəticə ilə ikinci cərgədən start almaq hüququnu əldə edib. Ferrari komandasının yeni pilotu Şarl Lekler beşinci nəticəni göstərib. İlk onluğu Romen Qrojan, Kevin Maqnussen (Haas), bu il McLaren komandasında debüt edən Lando Norris, Kimi Rəykkonen (Alfa Romeo) və Serxio Peres (Racing Point) tamamlayıblar.