Bu gün Hokkenhaymda keçirilən ilk təsnifat mərhələsinin qalibi BMW komandasının almaniyalı pilotu Marko Vittmann olub. Sıralama sessiyası tamamilə yağmurlu hava şəraitində keçib. Vittmann sıralamanın son dəqiqəsində 1.48,215 zamana imza ataraq, bu gün keçiriləcək yarışı pouldan başlamaq hüququnu əldə edib.

Vittmann ilə ilk cərgədən start alacaq Mayk Rokkenfeller də həmyerlisi ilə uzun müddət poul uğrunda mübarizə aparıb. İki alman pilot mütəmadi olaraq ən yeyin zamanlara imza ataraq liderliyə yüksəliblər. Sonunda Marko Vittmann poulu rəqibinin əlindən almağa müvəffəq olub.

R-Motorsport 1 komandasının təcrübəli pilotu Pol di Resta Aston Martin komandasına il uğurunu qazandırıb. Şotland pilot bu günki yarışı üçüncü yerdən başlayacaqdır. Audi komandasının alman pilotu Rene Rast di Resta ilə birlikdə ikinci cərgədən start alacaqdır. Üçüncü cərgədə Robin Freyns (Audi) və Ceyk Dennis (Aston Martin) qərarlaşıblar.

Dördüncü cərgə isə, tamamilə Münhen təmsilçisinin pilotlarından ibarətdir - Şeldon van der Linde və Timo Qlok. İlk onluğu Coel Eriksson (BMW) və Niko Müller (Audi) tamamlayıb. Sıralamanın ilk dəqiqələrində texniki problem yaşayan Filipp Enq yarışı sonuncu başlayacaqdır. Avstriyalı pilot M4 DTM bolidi trekdə hərəkətsiz qalaraq qırmızı bayraqların yellənməsinə səbəb olmuşdu.