Dünyada pərəstiş obyektinə çevrilmiş nadir avtomobillərdən biri də Mercedes-Benz 600 Pullman sedanıdır. Bu avtomobildən hər zaman dünyanın ən qüdrətli insanları istifadə ediblər. Bu günlərdə RM Sotheby’s hərrac evi 1969-cu ildə buraxılmış limuzini hərraca çıxarıb.

Bu insanların arasında dövlət başçılarından tutmuş, milyarderlər, məşhur kino ulduzları və siyasətçilər də olub. Mercedes 600 sahibləri arasında Con Lennon, Cek Nikolson, Elizabet Teylor, Elviz Presli kimi bohema nümayəndələri də olub. Hətta, bu siyahıda kommunist dövlətlərinin lidelərinə də rast gəlmək olar: Leonid Brejnev, Mao Tzedun, Nikolay Çauşesku, Fidel Kastro, Səddam Hüseyn və Pol Pot da öz qarajlarında bu avtomobilə yer ayırıblar. Belə bir Mercedes The Grand Tour verlişinin aparıcısı Ceremi Klarksonda da vardır.

Mercedes-Benz 600 modeli xüsusi olaraq cəmiyyətin “qaymaqları” üçün hazırlanmışdır.  Avtomobilin konstruksiyasında keçən əsrin 60-cı illərinin bütün texniki yenilikləri cəmlənmişdir: pnevmatik asqı, oturacaqların elektriklə tənzimlənməsi, baqaj qapağının elektrik ötürməsi ilə açılması, yanacağın çilənməsini missal göstərmək olar. Qeyd etmək lazımdır ki, 1968-ci ildən 1981-ci ilə qədər cəmi 2677 ədəd buraxılıbdır. Uzun bazalı Pullman modelindən isə cəmi 304 ədəd istehsal edilib.

6,2-metrlik uzunluğa malik olan limuzin 3,3 ton ağırlığa malik idi. Mercedes-Benz 600 Pullman 250 at qüvvəsi hasil edən 6,3-litrlik səkkiz silindrli mühərrik və dörd pilləli avtomatik ötürmələr qutusu ilə hərəkətə gəlirdi. Bu tandem avtomobili 200 km/saat həddinə qədər sürətləndirmək iqtidarında idi. Hərrac evinin satışa çıxardığı limuzin 1969-cu ildə istehsal edilib. “Grosser Mercedes” indiki sahibi tərəfindən 2005-ci ildə alınıb. Onun bərpa edilməsinə 40 min dollar vəsait xərclənib. Limuzin müasir pnevmatik asqıya da sahib olub.

RM Sotheby’s hərrac evinin mütəxəssisləri avtomobilin texniki vəziyyətini yüksək qiymətləndiriblər. Bu səbəb də onun üçün tələb edilən başlanğıc məbləğ də yüksək həddədir. Avtomobilin satışı gələn ay Los-Anjelesdəki Petersen avtomobil muzeyində keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt