Çinin GAC konserni Detroyt avtosalonuna maraqlı bir konsept gətirib. Entranze adlanan konseptin maraqlı xüsusiyyətlərindən biri üçyerli ön cərgə, şüşə qapılar və salonun mantar palıdı ilə tərtibatıdır.

GAC konserni bir neçə ildir ki Detroyt avtosalonunda iştirak etsə də, ABŞ bazarında təmsil olunmayıb. Buna baxmayaraq çinlilər amerika bazarını fəth etməkdə qərarlıdırlar. Çox güman ki, Entranze adı da buna işarə vurur. Konsept çin şirkətinin bir müddət bundan öncə Kaliforniyada açdığı dizayn-studiyası tərəfindən yaradılıb. 

Studiyaya isveç dizayner Pontus Fonteus başçılıq edir. Əvvəllər Fonteus Volkswagen və Volvo şirkətlərində interyerlərin dizaynı ilə məşğul olub. Dizayner həmçinin Kia şirkətinin avropa dizayn-studiyasında cee’d konseptlərinin eksteryerini yaradıb. GAC konserninə keçməzdən əvvəl o Faraday Future startapında interyer dizaynına cavabdeh olub.

GAC Entranze konsept avtomobili yan tərəflər boyu sürüşən şüşə qapılara və salonu işıqla dolduran panoram tavana malikdir. Avtomobil üç oturacaq cərgəsinə sahib olsa da, salonun quruluşu bir qədər qeyri-adidir: ilk sırada üç oturacaq, ikinci sırada iki ayrı kreslo, üçüncü cərgədə isə iki yerli divan quraşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Salonun havalandırılması təyyarələrdə olduğu kimi  təşkil olunub - deflektorlar tavandakı konsolda cəmləşib. Digər aviasiya mövzusu da mövcuddur - hərəkət edən boks, bort bələdçisinin arabacığı kimi, relslər vasitəsi ilə salon boyu hərəkət edir. Salon tamamilə ekoloji təmiz materiallar ilə üzlənib. Bunların arasında mantar palıdı da vardır. Konseptin digər maraqlı cəhətləri ön cərgənin sərnişinlərinin qarşısında quraşdırılmış iki OLED displeyi, sükan çarxındakı sensorlu panellər, cihazlar panelinin proyeksiya lövhəsi və güzgüləri əvəz edən kameralardır.

Konseptlə yanaşı GAC konserni Detroyta çin bazarında satılan GS5 krossoverini və GM6 minivenini də gətirib.