Honda şirkəti Accord modelinin 40 illik yubileyini avtomobilin xüsusi modifikasiyasını buraxmaq ilə qeyd etmək niyyətindədir. Yapon şirkəti xüsusi seriyadan olan Accord modelini 100 nüsxədən ibarət məhdud sayda tirajla istehsal edəcəkdir. Yeri gəlmişkən, ilk Accord avtomobili 1976-cı ilin may ayında Yaponiya bazarında satışa çıxarılmışdır. Bu dəfə isə söhbət, avtomobilin çoxlu sayda yeniliklərlə təchiz edilmiş doqquzuncu nəslindən gedir. Əlamətdar haldır ki, hazırda Yaponiyada yalnız Accord sedanının hibrid modifikasiyası satılır.

Məhdud seriyadan olan avtomobillər adi sedanlardan tünd-qırmızı mirvari rəngi və 18-düymlük təkər diskləri ilə seçilir. Bundan əlavə, baqaj hissəsinin üzərində bərkidilmiş spoyleri və tərtibatı ilə seçilən radiator barmaqlığını qeyd etmək olar.

Accord Hybrid modelinin kapotunun altında əsasını 2,0-litrlik benzin mühərriki və təkmilləşdirilmiş elektromotor olan hibrid güc qurğusu yerləşdirilmişdir. Xüsusi modifikasiyasının hibrid aqreqatının gücü 11 kVt, fırlanma anı isə 8 Nm artıtılmışdır.

Yüngülləşdirilmiş materialların tətbiqi sayəsində, yeni avtomobilin çəkisi EX təchizat səviyyəsində 30 kiloqram, LX səviyyəsi üçün isə 40 kiloqram azaldılmışdır. Yanacağın orta sərfiyyatı 3,1-litr səviyyəsinə qədər endirilmişdir.