Bu gün Mitsubishi Motors şirkəti yeni konseptual avtomobilin tizerini dərc etmişdir. Zahiri cəhətdən avtomobil 2015-ci ilin oktyabr ayında keçirilmiş Tokyo avtosalonunda nümayiş etdirilmiş Mitsubishi eX konseptual krossoverini təkrar edir. O zaman həmin prototipi Mitsubishi ASX modelinin yeni nəslinin carçısı kimi təqdim etmişdilər.

Təsvirdən də göründüyü kimi, yapon istehsalçısı konseptin yenilənmiş və əvvəlkinə nisbətən seriya modelinə daha yaxın olan variantını təqdim etmək niyyətindədir.  Yeni konsept Mitsubishi eX konseptindən arxa qapıların və arxa fənərlərin forması ilə fərqlənir. Çox güman ki, arxa qapılar Tokyo konseptindəki kimi hərəkətin əksi istiqamətində açılmayacaqdırlar.

Mitsubishi şirkətinin elektrik güc qurğusunu toxunmadan qoruyub-saxlayacağını da əminliklə söyləmək olar. Müasir elektron köməkçilər dəstini və avtopilot əldə etmiş avtomobilin yürüş məsafəsinin 400 kilometr olduğu da məlumdur. Təkmilləşdirilmiş Mutsubishi eX konseptinin kütləvi təqdimatı 11 avqustda İndoneziyada keçiriləcək avtosalonda keçiriləcəkdir.