Bentley Bentayga krossoverinin təqdimatından müəyyən müddət keçməsinə baxmayaraq, tüninq atelyeləri bu dəbdəbəli crossover üçün hələ də təkmilləşdirmələr proqramını təqdim etməmişdirlər. Bir müddət əvvəl məşhur Mansory atelyesi bu dəbdəbəli avtomobil üçün tüninq proqramını anons etsə də, bu günə qədər heç bir məlumat alman atelyesi tərəfindən açıqlanmamışdır.

Atalarımızın gözəl bir deyimi vardır – “ağıllı fikirləşənə qədər dəli vurub çayı keçdi”. Bentley şirkətinə məxsus olan Mulliner atelyesi hələ bu məsələ üzərində işlərini davam etdirərəkən, ilk  təklif Almaniyadan gəldi.  Bu günlərdə Mercedes-Benz avtomobillərinin tüninqi ilə məşhur olan Brabus atelyesi bu sahədə ilk addımı atmış oldu.

Lakin bu işlə Brabus atelyesi özü deyil, onun Chrysler və Jeep şirkətinin istehsal etdiyi modellərin tüninqi ilə məşhur olan Startech bölməsi məşğul olacaqdır.

Artıq alman tünerlər Bentayga modeli üçün hazırladıqları iri ölçülü kuzov dəstini də təqdim etmişdirlər. Dərc edilmiş təsvirlərdən göründüyü kimi,  alman mütəxəssislər avtomobili iri hava girişləri olan yeni ön bamperlə və karbondan hazırlanmış spoylerlə təchiz etmişdirlər. Arxa hissədə karbondan olan diffuzor quraşdırılmış yeni arxa bamperi, tam işıqdiodlarından hazırlanmış arxa fənərləri, buraxılış sisteminin cütlənmiş borularını görmək mümkündür.

Bundan əlavə avtomobil onu vizual olaraq geniş göstərən qapı kandarları ilə də təchiz edilmişdir. Əlbəttə ki, bütün bu möhtəşəmlik 23-düymülük xüsusi təkər diskləri olmadan heç bir məna daşımazdı. Alman mütəxəssislər əlavə olaraq avtomobilin pnevmatik asqısının üzərində də işləmiş, onun hündürlüyünü bir qədər də azaltmışdırlar. Startech mütəxəssisləri Bentayga modelinin dəbdəbəli interyerini də , 608 at qüvvəsi olan V12 mühərrikini də müştərinin arzusuna uyğun təkmilləşdirmək iqtidarında olduqlarını bildirmişlər.

Alman atelyesinin imkanlarını nəzərə alaraq bunları həyata keçirməyin çətin olmayacağından əminik.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt