Lotus şirkəti Elise sportkarının trek modifikasiyası olan Race 250 modelini təqdim etmişdir. Bu modifikasiya Heteldəki zavodun 50 illik yubileyinə həsr edilmişdir. İstehsalçı bu sportkarı dünyanın ən sürətli Lotus avtomobili kimi səciyyələndirir. Lotus Elise Race 250 modeli Heteldəki treki 33,5 saniyəyə qət etmişdir.

Bu göstərici əvvəlki Elise Cup 220 R trek sportkarından 0,5 saniyə yeyindir və Elise modelinin bütün yarış variantları arasında ən sürətlisidir. Spotkar 246 at qüvvəsi gücü və 250 Nm fırlanma anı olan 1,8-litrlik kompressorlu mühərrik və altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilir. Trek variantının 100 km/saat həddinə sürətlənmə vaxtı açıqlanmasa da, bu avtomobilin seriya variantının bu işə 4,3 saniyə sərf etdiyi məlumdur. Lotus Elise Race 250 modifikasiyasının maksimal sürəti 248 km/saata bərabərdir.

Ön splitter, diffuzor və antiqanaddan ibarət aerodinamik kuzov dəsti maksimal sürətdə 155 kiloqramlıq yerə basma qüvvəsini təmin edir. Əlavə ödənişlə bu elementləri karbondan da sifariş etmək olar.

Yeni avtomobilin çəkisi 900 kiloqram təşkil edir ki, bu da Elise Cup 250 modelində olduğundan 30 kiloqram azdır. Çəkinin azalmasına fənərlərin əvəzinə yerləşdirilmiş tıxacların, daha yüngül litiumdan akkumulyatorun ( - 10 kiloqram), karbon karkaslı oturacaqların ( - 6 kiloqram), polikarbonatdan olan arxa şüşənin tətbiq edilməsi hesabına nail olunmuşdur. Bundan başqa, karbonplastikdən olan aerodinamik kuzov elementləri daha 10 kiloqrama qənaət etmək imkanı verir.

Trek avtomobili tənzimlənən Nitron amortizatorları və köndələn sabitlik stabilizatoru, öndə iki porşenli AP Racing, arxada isə tək porşenli Brembo arxa əyləc mexanizmləri, Yokohama AO48 şinləri geyindirilmiş ultrayüngül təkər diskləri, çıxarılan sükan çarxı, təhlükəsizlik karkası, qoşqu halqaları və yanğın söndürənlə təchiz edilir. Böyük Britaniyada avtomobilin satış qiyməti 53,5 min funt-sterlinq (112,4 min manat) təşkil edir.