«Mövcud olan ən yaxşını götürün və onu daha da yaxşılaşdırın. Əgər o mövcud deyilsə - onu yaradın». Henri Roys. Yəqin ki, Henri Roys da dünyada idealın olmadığından əmin idi. Əks halda bu sözləri söyləməz və idealı yaratmağa can atmazdı. Yüz on il bundan öncə bünövrəsi Henri Roys və Çarlz Rolls tərəfindən qoyulmuş bu marka bu gün də avtomobil markalarının şahı sayılır.

Sirr deyildir ki, ilk yarandığı gündən Rolls-Royce markasından olan avtomobillər kralların, zadəganların və həddən ziyadə varlı insanların nəqliyyat vasitəsi olmuşdur. Rolls-Royce avtomobilləri hər zaman dünyanın ən mükəmməl avtomobilləri kimi qəbul edilib və günü bu gün də hər kəs belə hesab edir. Oktyabr ayının əvvəllərində redaksiyamıza daxil olan test təklifi bizim üçün bir qədər gözlənilməz oldu. Əlbəttə, test təklifində təəccübləndirici bir şey yoxdur - dərgimizin əməkdaşları dünyənın bir çox güşələrində testlərdə iştirak edib və yüzlərlə ucuzlu-bahalı avtomobilləri sınaqdan keçiriblər. Lakin, söhbət Rolls-Royce kimi adlı-sanlı markanın sırf Azərbaycandan olan dörd mətbuat nümayəndəsi üçün xüsusi tədbirin təşkil etməsindən gedirsə, bu nadir rast gəlinən hallardan biridir. Bizə daxil olan məlumatda bu tədbirdə baş redaktorumuz Natiq Zərbəliyev və mənimlə yanaşı, məşhur telejurnalist Azər Qərib və «Boutique Travel» jurnalının baş redaktoru Vyaçeslav Sapunov da iştirak edəcəkdi. 

Təşkilatçılar testin Rusiyanın paytaxtı Moskva şəhəri və onun ətrafında keçiriləcəyini də bildirmişdilər. Testlərin proqramı Zavidovo qəsəbəsindəki Zavidovo PGA National qolf klubunda qonaq olmağımızı nəzərdə tuturdu. Əslində Şeremetyevo hava limanından Zavidovoya bizi helikopter aparmalı idi, lakin sonradan, təşkilatçılar proqramda dəyişiklik etdilər və biz oraya adı yolla getməli olduq. Adı çəkilən qolf-klubunda vaxt keçirməyimizin əsas səbəbi, Rolls-Royce sahiblərinin əksəriyyətinin yaşadığı həyat tərzi ilə yaxından tanış olmağımızı təmin etmək idi. Zavidovoya çatar-çatmaz bizi Ketchum agentliyinin nümayəndəsi Malikə Abdullayevə qarşıladı.

Sonra isə biz, Rolls-Royce şirkətinin Şərqi Avropada və MDB dövlətlərindəki korporativ əlaqələr üzrə rəhbəri Frank Timann, qolf-klubun prezidenti Aleksandr Yarunin və həyat yoldaşı ilə birlikdə şam yeməyinə qatıldıq. 

Qeyd etmək lazımdır ki, Zavidovo qolf-klubu, 1901-ci ildə əsası qoyulmuş Böyük Britaniya və Şimali İrlandiya Krallığının peşəkar qolfçular assosiasiyasının (PGA) lisenziyasını almış Rusiyada yerləşən yeganə qof-meydançasıdır. PGA yalnız yüksək standartlara cavab verən dar çərçivədəki klub və meydançalara lisenziyaları təqdim edir ki, bu da Zavidovo PGA National  qolf-klubunun dünyanın ən yüksək səviyyəli klublarından biri olduğundan xəbər verir. Digər tərəfdən, Zavidovo hər zaman yüksək səviyyəli dövlət xadimlərinin dincəlib-əyləndiyi bir məkan olmuşdur. Burada vaxtı ilə rus çarı İvan Qroznı ova çıxmış, dünya proletariatının rəhbəri Vladimir İliç Ulyanov (Lenin) və Sovet İttifaqı Kommunist partiyasının baş katibi olan Leonid İliç Brejnev kimi dövlət başçıları dincəlmişdirlər.

Rolls-Royce avtomobilləri ənənəvi olaraq kralların, şahənşahların, həddən ziyadə varlı aristokratların, biznesmenlərin, məşhur sənət adamlarının və bir sıra dövlət başçılarının qarajlarında mövcuddurlar. Hətta, Rolls-Royce avtomobillərindən keçmiş Sovet dövlətinin rəhbərləri də istifadə etmişdirlər. Buna misal olaraq, dünya proletariatının rəhbəri Vladimir Lenini (Ulyanov) və Leonid Brejnevi göstərmək olar.

Ölkənin inqilabdan sonrakı bərbad vəziyyətinə baxmayaraq bolşeviklərin rəhbəri min bir oyundan çıxaraq bir neçə Rolls-Royce avtomobilini əldə etməyə müvəffəq olmuşdur. Sürət aşıqı kimi tanınan Brejnev də Rolls-Royce avtomobilinə sahib olmuşdur və hətta bu avtomobillə güclü qəzaya da uğramışdır.

Deylənlərə görə, Brejnev qəzadan salamat çıxsada, Rolls-Royce avtomobili bir metr qısalmış halda uzun müddət Xüsusi təyinatlı qarajın həyətində dayanıbmış. sonradan avtomobili Pribaltikadan olan bir şəxs satın almağı bacarmışdıt.

Proqrama uyğun olaraq, qolf oynadıqdan sonra, biz texniki brifinqə qatılaraq testdə iştirak edən avtomobillərlə tanış olduq. Təşkilatçılar Zavidovoya iki modeli Wraith kupesini və Ghost sedanını gətirmişdilər. Mənim Britaniya istehsalçısının modelləri arasında ən çox bəyəndiyim model Rolls-Royce Wraith olduğuna görə, elə birinci ondan başlamaq qərarına gəldim. 

Rolls-Royce Wraith - əsil centlmenlərin avtomobili

Rolls-Royce Wraith modeli 2013-cü ildə Cenevrə avtomobil salonunda təqdim edilmişdir.  Əslində Wraith (tərcümədə - xəyalət) adı ilk dəfə Rolls-Royce tərəfindən istifadə edilmir. Bu günki avtomobili 1938-ci ildə buraxılmış eyni adlı modelin davamçısı hesab etmək olar. Rolls-Royce Wraith modeli Ghost sedanının şassisində hazırlanmışdır. Avtomobilin ən cəlbedici elementlərindən biri «fastback» üslubunda hazırlanmış kuzovudur. Eyni zamanda, kupe adət etdiyimiz panteonu xatırladan radiator barmaqlığına deyil, daha incə formalı, reaktiv təyyarələrin turbinalarını xatırladan radiator barmaqlığına malikdir. 

Kupe 6,6-litrlik V12 mühərriki ilə təchiz edilmişdir ki, bu güc aqreqatının da 624 at qüvvəsi gücü və 830 Nm fırlanma anı vardır. Qeyd etmək lazımdır ki, Wraith Britaniya istehsalçısının tarixində bu günə qədər istehal edilmiş ən güclü avtomobildir. Güc areqatı səkkiz pilləli avtomatik sürətlər qutusu ilə birlikdə kupeni 100 km/saat həddinə qədər 4,6 saniyəyə sürətləndirir. Maksimal sürətə gəldikdə isə, o elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır.Rolls-Royce Wraith modeli, bu markanın həvəskarları arasında arxa oturacaqda deyil, sükan arxasında əyləşməyə üstünlük verən şəxslərə tərəf edilmiş reveransdır.  Elə bu səbəbdən də kupe digər Rolls-Royce avtomobillərinə nisbətən daha «sərt» asqıya malikdir. Dirnaq işərasinin qoyulmasının səbəbi məlumdur - istənilən halda kupenin asqısı maksimum rahatlığı və rəvan gedişi təmin edir.

Nəzərə alsaq ki, Rolls-Royce sahibləri (Brejnev istisna olmaqla) təmkinli və tələskənlik hissindən uzaq olan insanlardır, və belə insanlar avtomobili «başı alovlu» idarə etməkdən uzaqdırlar, o zaman bu xüsusiyyətlər Grand Tourer sayılan Wraith üçün vacib şərtlərdəndir. Mənim şəxsi qənaətimə görə, belə avtomobillər lazımi qədər güclü, eyni zamanda rahatlığı təmin edən rəvan gedişə malik olmalıdırlar. Rolls-Royce sahibi heç yerə tələsmədiyi üçün azərbaycanlılar demişdən «ağır oturub, batman gəlməlidir». Yəqin elə bu səbəbdən də bu avtomobildə hər şey rahatlığa xidmət edir. Hətta, akselerator pedalını döşəmə sıxdıqda belə avtomobil rəvan şəkildə təmkinlə sürətlənməyə başlayır. Ümumiyyətlə, Rolls-Royce ani hərəkətlərdən xoşlanmır - avtomobilin iri ölçüləri və ağır çəkisi anında özünü büruzə verir.

Sükan idarəetməsində də avtomobilə məxsus təmkinli davranış nümayiş etdirilir - kəskin döngələrdə və yüksək sürətlərdə hərəkət istiqamətinə düzəlişlər etmək gərək olur. Nə qədər qəribə olsa da, sürücü üçün nəzərdə tutlmuş kupe də sedanlar kimi iri ölçülü sükan çarxına malikdir. Bir qədər də Wraith kupesinin əlyəc sisteminə olan iradlarımı bidlirmək istərdim. İlk zamanlar məndə əyləc sisteminin zəif olduğu təəssürat yarandı, lakin bir müddət sonra artıq əyləclərlə necə davranmalı olduğumu anladım: avtomobili saxlamaq üçün əyləc pedalına daha güclü basmaq gərəkdir - əks halda öndəki nəqliyyat vasitəsi ilə «salamlaşmağınız» labüddür. Bu səbəbdən də qarşıdakı avtomobillərlə ara məsafəsini bir qədər çox saxlamaq məsləhətdir.

Əlbəttə ki, Rolls-Royce avtomobillərində əsas üstünlük arxa sərnişinə məxsusdur - sürücünün vəzifəsi isə «xozeynin» rahatlığını təmin edərək onu mənzil başına macərasız çatdırmaqdır. Çox güman ki, kupe donorunun əyləc sisteminə heç bir dəyişiklik olmadan varislənmişdir.

Rolls-Royce Wraith modelinin iç məkanındakı dəbdəbə haqqında sanballı bir dissertasiya yazıb filiosifiya doktoru elmi dərəcəsini də almaq olar. Uzun-uzadı materialların kefiyyətindən, fakturasından, təbiiliyindən danışmaq da olar. Əslində bu avtomobillərin salonundakı dəbdəbəni avtomobillərlə deyil, dəbdəbəli dəniz yaxtaları ilə müqayisə etmək lazımdır. Elə Rolls-Royce nümayəndələri də avtomobillərinin bahalı zinyət əşyaları, yaxtalar və təyyarələrlə rəqabət apardığını qeyd edilər.

Həqiqətən də, Rolls-Royce brendini daşıyan hər bir avtomobil unikal və təkrarolunmazdır. Çünki, Rolls-Royce sahibi olmaq qərarına gəlmiş insan onu öz zövqünə və tələblərinə uyğun sifariş etməlidir. İnanın, Rolls-Royce salonuna daxil olub sərgilənən avtomobili almaq istəyən birisinin mövcud olmasını təsəvvürümə belə gətirə bilmirəm.

Texniki cəhətdən Rolls-Royce avtomobilləri hər zaman mükəmməllik nümayiş etdirmişdirlər. Bu avtomobillərdə daima ən mütərəqqi texnologiyalar tətbiq edilmişdir ki, bu günki Rolls-Royce modelləri də istisna deyildirlər. Misal üçün, Wraith SAT (Satellite Aided Transmission) intellektual ötürmə sistemi ilə təchiz edilmişdir ki, bu sistem peyk vasitəsi ilə əldə edilən məlumata və sürüş üslubuna uyğun olaraq sürətlər qutusunun fəaliyyətini tənzimləyir. Yaxud kupenin iri qapılarının elektrik ötürməsi ilə bağlanması sistemini göstərmək olar. Ən maraqlısı da odur ki, Rolls-Royce mütəxəssisləri kənardan səs sistemləri sifariş etmirlər - avtomobillərdə quraşdırıln sistemlər Britaniya şirkətinin öz məhsuludur. Səs sistemi xüsusi olaraq yüksək təmizliikli səsləndirməni təmin etmək üçün hazırlanmışdır.

Yekunda nə demək olar? Rolls-Royce Wraith əsil centlmenlərə ünvanlanmış bir avtomovildir - özü də bu centlmenin Birləşmiş Krallıqa dünyaya göz açıb-açmadığının o qədər də böyük əhəmiyyəti yoxdur.

Ardı var....

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt