Volkswagen qrupunun sahibi olduğu Italdesign Giugiaro studiyası keçən il keçirilmiş Beynəlxalq Cenevrə avtomobil sərgisində hər kəsi Shooting Brake tipli kuzovu olan GTZero konsepti ilə heyrətə gətirə bilmişdir. Bu səbəbdən də hər kəsi bir sual maraqlandırır - bu il italyanlar nə göstərəcəklər?

Öz növbəsində italyan dizayn atelyesi Cenevrədəyeni bir konseptlə çıxış edəcəyinə işarə vuran iki tizeri dərc etmişdir. İlk tizer keçən il atelye tərəfindən təqdim edilmişdir və bu tizerdə yanacaq çəninin qapağına bənzəyən qapaq təsvir edilmişdir. Lakin, bu sizi o qədər də yanıltmasın - bizim fikrimizcə italyan atelyesi növbəti maraqlı elektomobil konseptini hazırlayır. Xatırlatmaq istərdik ki, keçən il nümayiş etsdirilmiş GTZero konsepti də elektriklə hərəkətə gəlirdi.

Bu günlərdə Italdesign Giugiaro tərəfindən yeni bir tizer dərc edilmişdir ki, bu tizerdə də gələcək konseptin ön işıq texnikası əks olunur. Tizerdə yüksək texnologiyalardan istifadə edilərək hazırlanmış altıbucaqlı formaya malik olan fənər təsvir edilmişdir. Ola bilər ki, bu fənər işıqdiodlarından hazırlanmışdır, lakin biz burada vaxtilə Gea konseptində tətbiqini tapmış Audi şirkətinin lazer texnologiyasına rast gəlsək heç də təəccüblənmərik.

Bundan əlavə tizerdə maraqlı ismarıc da vardır: «Bu il biz 5 xüsusi hadisəni işıqlandıracağıq. Beş uzaqgörən kolleksiyaçı üçün». Bu sözlərdən iki nəticə çıxarmaq olar. Ola bilər ki, biz Cenevrədə beş ədədlik məhdud tirajla buraxılacaq və xüsusi kolleksiyaçılara qismət olacaq  avtomobili görəcəyik, yaxud il ərzində xüsusi seçilmiş kolleksiyaçılar üçün beş müxtəlif avtomobil hazırlanacaqdır. Hər halda, biz ikinci varianta daha çox üstünlük veririk. Səbəbi isə, bir müddət bundan əvvəl italyan atelyesinin başçısı Yorq Astaloşun Automotive News Europe nəşrinə verdiyi müsahibəsində Italdesign Giugiaro studiyasının «birdən yüzə qədər sayı olan və xüsusi sifarişlə bir nüsxədə hazırlanacaq» avtomobilləri buraxılması planını səsləndirməsidir.