Subaru şirkəti Avropa bazarı üçün hazırlanmış Impreza modelini təqdim edib. Eyni zamanda, Subaru avtomobilin kütləvi təqdimatının sentayb ayında işinə başlayacaq Frankfurt avtosalonunda keçiriləcəyini bildirib.

Yeni Subaru İmpreza modeli keçən ilin mart ayında keçirilmiş Nyu-York avtosalonunda debüt etmişdir. Avtomobilin Yaponiyadakı satışlarına elə həmin ilin 13 oktyabrında başlanıb. Bu tarixdən sonra Subaru şirkəti İmpreza modelinə 11 min sifariş qəbul edib. Bu Subaru şirkətinin planlaşdırdığı aylıq satış rəqəmdən dörd dəfə çox olub. İstehsalçının bildirdiyinə görə, sifarişlərin 51 faizi digər markaların modellərinin sahiblərindən daxil olub.

Yeni Subaru İmpreza sedanı yapon markasının SGP (Subaru Global Platform) modul platformasında istehsal edilən ilk seriya modelidir. Sonradan bu şassi, 320 at qüvvəli hibrid güc aqreqatı ilə hərəkətə gələcək WRX STi daxil olmaqla bütün Subaru avtomobillərinin əsasını təşkil edir. Beşinci nəsil Subaru İmpreza avtomobilinin təkər bazası 25 millimetr, qabarit uzunluğu - 41 millimetr, eni isə 38 millimetr artıb, avtomobilin hündürlüyü isə 10 millimetr azalıb. Subaru İmpreza modelləri 152 at qüvvəli yeni 2,0-litrlik dördsilindirli  oppozit mühərriki, Lineartronic variatoru və tam çəkiş sistemi ilə təchiz edilir. Mühərrik, az yüklənmə zamanı silindirlərin bir hissəsinin söndürülməsi funksiyasına malikdir.

Yeni Subaru İmpreza modelləri üçün Sport modifikasiyası da təklif edilir ki, bu qəbildən olan avtomobillər idman xarakterli asqı və Active Torque Vectoring sistemi ilə təchiz edilir. Avtomobilin təchizatına  səs ilə idarə edilə bilən, Apple CarPlay və Android Auto interfeyslərini dəstəkləyən, 8,5 düymlük sensor ekranı olan multimedia sistemi və tərkibində toqquşmaların qarşısını alan, zolaqlara nəzarəti həyata keçirən, aktiv kruiz-kontrol olan EyeSight təhlükəsizlik sistemləri dəsti daxil edilib.