Şkoda şirkəti Felicia adını bərpa etmək fikrindədir

"Auto Express" nəşri Şkoda şirkətinin gələcək elektromobillər xətti barədə məlumatı dərc edib. Bu xəttdən olan avtomobillərdən biri Felicia adlı hetçbek də ola bilər. Yeni elektromobil Felicia E adlandırılacaqdır.

Nəşrin bildirdiyinə görə, yeni elektromobil Volkswgen I.D. konseptinin seriya variantının da əsasını təşkil edəcək MEB modul platformasında yığılacaqdır. Alman istehsalçısı bu platformanı məhz elektrik aqreqatı ilə hərəkətə gələn avtomobillər üçün hazırlamışdır. Rapid Spaceback modeli ilə eyni qabaritə malik olan hetçbekin salonunun genişliyi Superb modeli ilə eyni olacaqdır.

Eyni zamanda, Şkoda şirkətinin MEB platformasında elektrik krossoverini də istehsal etmək planları mövcuddur.

Ölçülərinə görə elektrik krossoveri Karoq və Kodiaq modellərinin arasında yerləşəcəkdir. Elektrik krossoverinin Amiq, Eliaq və ya Anuq adlandırılacağı da ehtimallar arasındadır.

İlkin məlumata görə, Şkoda markasının elektrik krossoveri 300 at qüvvəsi hasil edən mühərrikə sahib olacaq və 500 kilometrə qədər məsafəni qət edə biləcəkdir. Bu modelin çex istehsalçısının tarixindəki ən bahalı modelin olacağı da söylənilir.

Çex istehsalçısı həmçinin elektriklə hərəkətə gələn dördqapılı kupeni də istehsal edə bulər. Ümumi gücü 300 at qüvvəsi olan iki elektrik mühərriki ilə təchiz edilmiş kupe 480 kilometr yürüş məsafəsinə malik ola bilər.

Bundan başqa, Şkoda Superb modelinin məişət elektrik şəbəkəsindən qidalanan hibrid güc aqreqatı ilə təchiz edilmiş variantını və Citigo modelinin elektrik versiyasını buraxmağı da planlaşdırır. Hər iki model 2019-cu ildə işıq üzü görməlidir.

ДРУГИЕ СТАТЬИ