Volvo şirkəti XC40 adını alacaq yığcam krossoveri barədə yeni təfərrüatları açıqlayıb. Krossoverin şaquli sensorlu displeyi olan Sensus multimedia, həmçinin 60 və 90 seriya modellərindən alınmış təhlükəsizlik və yardım sistemləri ilə təchiz ediləcəyi məlum olub.

Söhbət dairəvi görüntü sistemindən, yoldan çıxmaya nəzarət funksiyasından, arxa hərəkət zamanı yaxınlaşan avtomobillər barədə xəbərdarlıq sistemindən, həmçinin piyada və velosipedçiləri aşkarlayaraq təcili əyləcləmə sistemindən gedir. Krossover, eyni zamanda, öndəki avtomobillə məsafə saxlayan aktiv Pilot Assist kruiz-kontroluna da sahib olacaqdır.

Volvo XC40 modelinin seriya variantının Volvo şirkətinin Geely şirkəti ilə birgə hazırladıqları CMA (Compact Modular Architecture) adlı modul platformasında yığılacağı da məlumdur. Avtomobilin 1,5-litrlik turbomühərrik və hibrid güc qurğusu ilə təchiz ediləcəyi istisna edilmir. Volvo XC40 modelinin istehsalı Belçikada təşkil olunacaqdır.

Bir müddət bundan öncə Volvo yeni modelin interyeri barədə söz açmışdı. İsveç mühəndisləri interyerdə olan stəkanaltıların xırda əşyaların saxlanılması üçün deyil, məhz stəkanaltı kimi istifadə edilməsinin tərəfdarıdırlar.

Bunun üçün onlar, XC40 modelinin interyerində induksion doldurulma funksiyasına malik olan smartfon yuvasını, kredit kartları və park kartları üçün ön paneldə quraşdırılan slotları, həmçinin mərkəzi tonneldə zibil üçün nəzərdə tutulan çıxarılan qutuları yerləşdiriblər. Əlavə olaraq, mərkəzi dirsəkaltında əl kağızı bağlaması üçün bölmə, əlcək qutusunda isə kiçik çanta və qida paketləri üçün yerlər nəzərdə tutulub. Mühəndislər qapılardan dinamikləri yığışdıraraq sabvuferi ön panelə keçiriblər. Nəticədə, qapılarda iri bölmələr vardır ki, onlara da noutbuk, planşet və ya iri su şüşələrini yerləşdirmək mümkündür. 

Oturacaqların altında da xırdavat üçün qutular nəzərdə tutulub. Arxa cərgə elektrik ötürməsinin köməyi ilə rəvan döşəmə şəklində qatlanacaq, baqaj bölümündə isə ikiqat döşəmə və paketlər üçün qarmaqlar mövcud olacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt