Seat şirkəti, ispan istehsalçısının modellərinin “qaynar” modifikasiyalarının buraxılacağı Cupra subbrendini gələn ilin yazında keçiriləcək Cenevrə avtosalonunda təqdim edəcəyini bildirib. Bu barədə şirkətin rəhbəri Luka de Meoya istinadən Autocar dərgisi xəbər verib.

Top menecer artıq bu istiqamətdə işlərin başlandığını bildirib. Seat şirkətinin planlarına, subbrend üçün tamdəyərli model xəttini hazırlamaq daxildir. Bu modellərin arasında Ateca krossoverinin “qaynar” variantı da olacaqdır. Cupra modelləri digər modellərdən damalı bayraq təsvir etdirilmiş emblemlərlə seçilir. Çox güman ki, yeni loqotipi irəli sürməklə ispan istehsalçısı "qaynar" modellərə daha çox fərdilik bəxş etmək niyyətindədir. Hazırda Cupra modifikasiyası yalnız Leon modelinin hetçbek və universal variantları üçün təklif edilir.

Avtomobillər 300 at qüvvəli 2,0-litrlik turbomühərriklə təchiz edilirlər. Yerindən 100 km/saat sürətini Leon Cupra 5,7 saniyəyə toplayır.

Onların maksimal sürəti 250 km/saatdır. Hetçbekdən fərqli olaraq universalı beşinci nəsil Haldex muftasının bazasında yaradılan tam ötürməli sistemlə sifariş etmək olar. Bütün Cupra modelləri adaptiv asqı, elektron idarəetməli differensial və idarəetmə elektronikasının iş rejimlərinin dəyişilməsi sistemi ilə təchiz edilirlər.