Bu gün internet şəbəkəsində yapon Best Car jurnalından skan edilmiş və Lexus LS F “qaynar” sedanının 600 at qüvvəsinə malik olan V8 biturbomühərriki ilə təchiz ediləcəyini bildirən məlumat dərc olunub. Təsvirlər Lexus Enthusiast tərəfindən yayılıb.

Jurnalda həmçinin avtomobilin yeni aerodinamik kuzov dəstinə və azaldılmış klirensə malik olan illustrasiyası da dərc olunub. “Qaynar” sedanın rəqibləri 612 at qüvvəli  Mercedes-AMG S63 və 609 at qüvvəli BMW M760Li modelləri olacaqdır. Lexus bayraqdar sedanın F-Sport modifikasiyasını bu ilin yazında təqdim edib.

Lexus LS 500 F Sport modelinin seçilən xüsusiyyətləri başqa radiator barmaqlığı, ön bamperdəki xüsusi hava girişləri, yeni yan ətəklər, 20-düymlük təkər diskləri və aqressiv arxa bamperdir. Yaponlar radiator barmaqlığının hazırlanmasına beş ay sərf etdiklərini bildirmişdirlər. Bundan başqa, məhz bu modifikasiya üçün Ultra White rəngi təklif ediləcəkdir.

Yeni modifikasiyanın salonunda oturacaqların üzlənməsi dəyişdirilmiş, alüminium işləmələr və pedalların metal örtükləri, «idman» sükan çarxı və hərəkət edən «quyuları» olan cihazlar paneli quraşdırılmışdır. Belə cihazlar paneli ilə LFA və RC F Sport modelləri də təchiz edilir.

LS 500 F Sport öndə altı, arxada isə dörd silindrləri olan əyləc mexanizmlərini əldə etmişdir. Bununla bərabər, arxadan çəkişli LS 500 F Sport modeli üçün Handling opsional dəsti də təklif edilir. Bu dəstin tərkibinə proqressiv sükan sistemi, tam idarələnən şassi, xüsusi tənzimləmələri olan pnevmatik asma və Active Stabilizer köndələn dayanıqlılıq stabilizatoru daxil edilmişdir. F Sport modifikasiyasının güc qurğusunun təkmilləşdirilməsi nəzərdə tutulmamışdır. Avtomobil 415 at qüvvəli iki turbokompressorlu V6 mühərriki və 10-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Yerindən 60 mil/saat (96 km/saat) sürətini arxadan çəkişli sedan 4,5 saniyəyə toplayır.

Sedanın hibrid modifikasiyasını F Sport variantında da sifariş etmək olar. Hibrid sedanın 354 at qüvvəli hibrid qurğusunun tərkibinə iki elektromotor, V6 mühərriki, dörd pilləli «avtomat» və variator daxildir.