Fərdi sifarişlə hazırlanmış unikal Ferrari F12tdf superkarı Almaniyanın Dirdorf və Noyvid şəhərlərinin arasında yerləşən avtobanda yanaraq külə dönüb.

Yerli General Anzeiger Bonn nəşrinin məlumatına əsasən, avtomobilin sürücü və sərnişini avtobanla hərəkət zamanı superkarın arxasından gələn səsləri eşidiblər. Sonra isə onlar, arxa hissədən qalxan alovu gördükdə, avtomobili yolun kənarında saxlamağa məcbur olublar.

Avtomobil sahibi dərhal yanğınsöndürmə xidmətini çağırsa da, onlar gələnə qədər avtomobil tamamilə yanıb. Hadisəni araşdıran ekspertlərin qənaətincə yanğına səbəb mühərrikdəki nasazlıqlar olub. Xatırladaq ki, fərdi sifarişlə hazırlanan Ferrari F12tdf modelinin üzərində, italyan markasının unikal avtomobillərinin hazırlanmasına cavabdeh olan Tailor-Made bölməsi çalışır. Tour de France  marafonuna həsr edilmiş Ferrari F12tdf modeli Ferrari F12berlinetta superkarının “qaynar” variantıdır.

Ferrari F12tdf modeli 780 at qüvvəsinə malik olan 6,3-litrlik V12 mühərriki və F1 DCT robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. F12tdf modeli 100 km/saat sürətini 2.9 saniyəyə toplayır. Onun maksimal sürəti isə 340 km/saata bərabərdir. Cəmi 799 ədəd F12tdf modeli istehsal ediləcəkdir.

Image alt Image alt Image alt