Volkswagen konserni italyan motosikl istehsalçısı Ducati şirkətini satmaqdan vaz keçib. Bu barədə xəbəri Ducati şirkətinin rəhbəri Klaudio Domenikaliyə istinadən Automotive News nəşri yayıb.

Alman konserni «İtaliyanın metallurgiya sənayesi fəhlə və qulluqçuları federasiyası» tərəfindən göstərilmiş təzyiqdən sonra Ducati markasını satmaq fikrindən daşınıb.

Həmkarlar ittifaqı şirkətin əməkdaşlarının tərəfində çıxış edərək, şirkətin Volkswagen Group’un tərkibindən çıxmasının əleyhinə olduğunu bildirib. Onların sözlərinə görə, qrupun dəstəyi olmadan Ducati inkişaf edə bilməyəcəkdir.

Audi şirkəti, 2012-ci ildə Ducati markasını keçmiş sahibi Investindustrial firmasından 860 milyon avroya satın almışdı. Keçən il konsern sahib olduğu aktiv və brendləri yenidən nəzərdən keçirərək qeyri-profil aktivlərdən yaxa qurtarmağı planlaşdırdığını bildirmişdi. Analitiklər bu sövdələşməni 1,5 milyard avro dəyərində qiymətləndirirdilər. Bir müddət bundan öncə, Harley-Davidson və hind istehsalçısı Bajaj Auto şirkətlərinin Ducati markasına talib olduğu söylənilirdi.