Bu ayın sonunda Tokyoda işinə başlayacaq avtosalonda Toyota şirkəti doqquz yeni model nümayiş etdirəcəyini bildirib. Onlardan birinci olaraq mətbuatın diqqətinə təqdim edilən, Toyota Crown Concept prototipidir. Bu prototipin seriya variantı “Kraun” modelinin 15-ci nəsli olacaqdır.

Əslinə qalsa, şəkildən də göründüyü kimi, prototip konseptdən daha çox seriya avtomobilinə bənzəyir. Modelin istehsalının gələn il başlanması səbəbindən hələlik Crown ziyarətçilərin qarşısına konsept statusunda çıxacaqdır. Yeni model haqqında ətraflı məlumat verilməməsi ilə yanaşı, onun cəmi iki şəkli dərc edilibdir. Bu şəkillərdə yeni Toyota Crown modelinin maraqlı xüsusiyyəti üzə çıxır: bu modelin tarixində ilk dəfə olaraq, arxa dayaqda üçüncü pəncərə ilə təchiz edilməsidir.

Avtomobilin qabarit uzunluğu 4910 millimetr (+15 millimetr), eni – 1800 millimetr, hündürlüyü isə 1455 millimetrdir. Onun təkər bazasının uzunluğu 2920 millimetr təşkil edir. Bu cari modeldə olduğundan 70 millimetr çoxdur. Model TNGA modul platformasında inşa edilmişdir. Görünən odur ki, model uzununa yerləşdirilən mühərrik və arxadan çəkiş sistemini qoruyub-saxlamışdır. Xatırladaq ki, bu platformadan yeni Camry modelinin istehsalında da istifadə edilir.

Yeni Crown daha çox sürücüyə ünvanlanan xarakteristikalara malik olacaqdır. Əbəs yerə avtomobilin inkişaf sınaqları Nürburqrinqdə aparılmır. Yeni model, iki il bundan öncə cari “Kraun” modelində debüt etmiş ITS Connect (Intelligent Transportation Systems) sistemi ilə də təchiz ediləcəkdir.

Bu sistem digər avtomobillər və infrastruktura obyektləri ilə məlumatlaşmaq imkanı verir. Bundan başqa, yeni modeldə servis mərkəzinə avtomobilin vəziyyəti barədə məlumat göndərən sistem də quraşdırılacaqdır. Avtomobilin mühərrik çeşidi barədə məlumat verilməyib.

Cari model 235 at qüvvəli 2,0-litrlik “turbodördlük” və 315 at qüvvəli 3,5-litrlik V6 mühərriki, həmçinin tərkibinə 2,5-litrlik benzin mühərriki və elektromotor daxil olan hibrid güc aqreqatı ilə təklif edilir. Deyilənlərə görə, Amerikada Toyota Avalon kimi tanınan model, Lexus GS və ES modelilərini əvəzləyəcək yeni avtomobilin əsasını təşkil edəcəkdir.