Bir müddət bundan əvvəl dərc etdiyimiz xəbərdə Mercedes-Benz şirkətinin 2018-ci il üçün nəzərdə tutulmuş istehsal planı haqqında danışmışdıq. Bu plana əsasən, alman istehsalçısı gələn ilin başlanğıcında növbəti nəsil Mercedes-Benz CLS-Class modelini satışa çıxarmalıdır.

Təqdimat vaxtı yaxınlaşdıqca yeni modelin testləri də intensivləşməlidir və artıq müəyyən hissəsi kamuflyajdan məhrum olan prototiplərin də cəsuslara rast gəlməsi labüddür. Bu günlərdə cəsuslar Carscoops saytına belə prototiplərdən birinin fotoşəkillərini göndəriblər. Təsvirlərdən də göründüyü kimi, yeni sedanın yalnız işıq texnikasının üstü örtülmüş vəziyyətdədir. Avtomobil tanış kuzov formalarına sahib olsa da, sələfindən fərqli olaraq daha hamar səthə malik olan kuzov panelləri ilə fərqlənir.

Üstəlik, daha iti formal baqaj xəttini, kiçik lyuku və xromla örtülmüş səsboğucu sistemin çıxış borularının trapesiya şəkilli formalarını da müşahidə etmək olar.

Bundan başqa, cəsuslara avtomobilin ön panelinin bir hissəsinin də şəklini çəkmək nəsib olub. Yeni modelin ənənəvi cihazlar paneli, üçqollu sükan çarxı və havalandırma sisteminin yumru formalı deflektorları ilə təchiz ediləcəyi məlum olur.

Böyük ehtimalla, yeni “Olivye” sonuncu nəsil Mercedes-Benz E-Class modelinin bazasında inşa edilibdir. Autocar saytı yeni CLS modelinin 295 at qüvvəli dörd silindrli və 362 at qüvvəli altı silindrli benzin turbomühərrikləri ilə təchiz ediləcəyini bildirib. Avtomobilin AMG bölməsi tərəfindən hazırlanmış variantının isə 429 at qüvvəli hibrid güc qurğusu ilə təchiz ediləcəyi ehtimal olunur. Dizel mühərriklərinə gəldikdə isə, başlanğıc modeli 241 at qüvvəli dörd silindrli mühərriklə təklif ediləcəkdir. Eyni zamanda, modelin mühərrik çeşidinə 281 və 335 at qüvvəsi hasil edən sıralı altı silindrli mühərriklərin də daxil olacağı güman edilir.

Yeni nəsil Mercedes-Benz CLS-Class modelinin rəsmi təqdimat mərasimi bu ilin noyabr ayında keçiriləcək Los-Anjeles avtosalonunda keçirilməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt