Ferrari şirkəti trek FXX K superhibridinin yenilənmiş variantını təqdim edib. Yeni variant FXX K Evo adını alıb. Yeniliklər həm ayrıca model şəklində, həm də XX-seriyasından olan avtomobillər üçün təkmilləşdirmələr dəsti formasında əlçatandır.

Mühəndislər karbon lifindən hazırlanmış elementlərin hesabına avtomobilin çəkisini azaltmağa müvəffəq olublar. Lakin, çəkiyə nə qədər qənaət edildiyi açıqlanmayıb. Superhibdridin yeni aerodinamik elementlərinin hazırlanmasında hesablama hidrodinamikasından və aerodinamik boruda aparılan testlərin nəticələrindən istifadə olunub. Aerodinamik effektivlik baxımından FXX K Evo modeli GT3 və GTE yarış avtomobillərinə yaxın olub. FXX K modelinə nisbətən yeni variantın yerəbasma gücü 23% artıb. LaFerrari modeli ilə müqayisədə isə, bu rəqəm 75% təşkil edir. 200 km/saat sürətində superhibridə 640 kiloqram yerəbasma gücü təsir edir. Maksimal sürət həddində bu rəqəm 830 kiloqrama bərabərdir.

Hava axınını düzgün bölüşdürülməsinə üç burulğan generatoru olan üzgəc və aktiv spoylerlə birlikdə çalışan iki hissəli antiqanad cavabdehdir. Bütün bu komponentlər avtomobilin arxa hissəsinin yerəbasma gücünü 10% artırıb. Bundan başqa, superhibridin bamperlərinin, altlığının və arxa diffuzorunun forması dəyişdirilib.

FXX K Evo modelini yenidən tənzimlənmiş asqı, quraşdırılmış sükanaltı ötürmə dəstəkləri və KERS sisteminin rejimlərini dəyişmək üçün Manettino selektoru olan F1 bolidlərinin üslubunda hazırlanmış sükan çarxı ilə təchiz ediblər. FXX K Evo modeli də sələfi kimi markanın xüsusi seçilmiş müştəriləri üçün nəzərdə tutulub. Superhibridi ümumi yollarda və yaxud yarışlarda istifadə etmək mümkün deyil. Ferrari FXX K Evo modeli tərkibinə 6,3-litrlik V12 mühərriki və 190 at qüvvəli elektromotor daxil olan hibrid güc qurğusu ilə təchiz edilir.

Güc aqreqatı F1 bolidlərindən götürülümüş yeddi pilləli iki muftalı “robotla” birlikdə çalışır. Hibrid qurğu 1050 at qüvvəsinə və 900 Nm fırlanma anına malikdir.

Ferrari FXX K superhibridi 2014-cü ildə təqdim edilib. 2,5 milyon avro qiymətə malik olan avtomobildən 40 ədəd inşa edilib. Bütün avtomobillər Ferrari markasının Maranellodakı texniki mərkəzində saxlanılır. Gərək olduqda avtomobillərin sahibləri onları götürə bilərlər. Avtomobillərdən xüsusi testlər zamanı istifadə olunur.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt