«Automobile» nəşrinin bildirdiyinə görə, Bentley rəhbərliyi dəbdəbəli elektrokar buraxmaq barədə düşünür. Bu məqsədlə, Britaniya istehsalçısının Porsche Mission E protoipinin aqreqatlarından istifadə etmək niyyətində olduğu da bildirilib.

Niyə də olmasın ki? Artıq məlumdur ki, yeni nəsil Bentley Continental GT kupesi Porsche Panamera modeli ilə eyni platformanı bölüşür. Mission E modelinin aqreqatlarından istifadə həm vaxt, həm də xərc baxımından daha sərfəlidir.

İlkin məlumata görə, yeni model markanın keçmiş rəhbəri və Le Man yarışlarının üçqat qalibi Vulf Barnatonun şəninə Barnato adlandırıla bilər.  Porsche Missin E modeli kimi Bentley Barnato da dördqapılı və dördyerli olacaqdır. Lakin, Barnato daha dəbdəbəli eksteryeri və interyeri ilə fərqlənəcəkdir.

Bununla belə, Bentley Barnato modelinin texniki hissəsi barədə heç bir məlumat verilməyib. Çox güman ki, Barnato da Mission E modeli kimi 600 at qüvvəsi hasil edən iki elektrik mühərrikinə sahib olacaqdır. Məlum olduğu kimi, Mission E 100 km/saat sürətini 3,5 saniyəyə toplayır və 500 kilometr yürüş məsafəsinə malikdir.

Vulf Barnato və Bentley Speed 8

Mission E modelinin bir neçə modifikasiyada təklif ediləcəyi də istisna edilmir. Bunların arasında 400 at qüvvəli «kasibmalı» variantı, həmçinin  936 at qüvvəli üç motorla təchiz edilən «bərkgedən» modifikasiya da ola bilər. Sonuncu modifikasiya 800 kilometr qət etmək iqtidarında olacaqdır.

Porsche şirkəti elektrokarın istehsalına 2019-2020-ci illərdə başlamaq niyyətindədir. Yeni elektrokar Panamera liftbeki ilə eyni qiymətə malik olacaqdır. Bentley Barnato modelinin nə zaman buraxılacağı məlum deyildir. Şaiyələrə görə, Mission E modelindən Lamborghini şirkəti də bəhrələnmək niyyətindədir.