Maraqlıdır ki, bu avtomobil haqqında Bentley şirkətinin rəsmi mətbuat səhifəsində heç bir məlumat yoxdur. Söhbət Bentley Grand Convertible kabrioletindən gedir.

Belə bir avtomobilin mövcud olduğunu hər kəs Shmee150 videoblogeri sayəsində öyrənibdir.

Blogger Bentley şirkətinin Dubayda yerləşən diler mərkəzini ziyarət edən zaman bu avtomobilə rast gəlib və onun haqqında video reportaj hazırlayıb. Qeyd ermək lazımdır ki, Bentley Grand Convertible hələlik yeganə nüsxədədir və onu Birləşmiş Ərəb Əmirliklərinə potensial müştərilərə nümayiş etdirmək üçün gətiriblər.

Əslində bu kabriolet nümayiş etdirilən ikinci belə avtomobildir. İlk kabriolet 2014-cü ildə o zamankı Mulsanne modelinin bazasında yaradılan konseptual avtomobil idi. Grand Convertible kabrioletinin yeni variant isə, artıq yenilənmiş flaqman modelinin Mulsanne Speed modifikasiyasının əsasında yaradılıbdır və Bentley şirkətinin 2019-cu ildə qeyd olunacaq 100 illik yubileyinə həsr edilib. Bentley Mulsanne Speed sedanı ilə müqayisədə kabrioletin uzunluğu və təkər bazası 100 millimetr qısaldılıbdır.

Xatırladaq ki, konseptual kabrioletdə bu rəqəm 150 millimetr təşkil edirdi. Beləliklə, Grand Convertible modelinin qabarit uzunluğu 5475 millimetr təşkil edir. Kabrioletin kapotunun altında 537 at qüvvəsi hasil edən 6,75-litrlik V8 biturbo mühərriki yerləşibdir.

Avtomobilin interyeri adi Mulsanne modeli ilə eyni olsa da, arxa sərnişinlərin ayaq zonasında məsafə ciddi şəkildə kiçilibdir.  Ən maraqlısı da, kabrioletin yığılmış tavanının üzərində olan qapaqdır – istehsalçı bu detalı müasir avtomobil sənayesində ağacdan düzəldilən yeganə iri və bütov elementin olduğunu iddia edir. Bentley Grand Convertible modelinin istehsalı ilə britaniyalı istehsalçıya məxsus olan Mulliner atelyesinə həvalə edilib. 

Bentley şirkəti kabrioletin 19 nüsxədən (1919-cu ilə işarə) ibarət tirajla buraxılacağını və onların hər birinin 3,5 milyon dollar satılacağını bildirib. İlk avtomobillər sifarişçilərə 2019-cu ildə çatdırılacaqdır. Modelin istehsalına 2020-ci ildə xitam vermək nəzərdə tutulub.

Image alt Image alt Image alt Image alt