Hyundai şirkəti ikinci nəsil Veloster hetçbekinin ilk fotoşəkillərini dərc edib. Abstrakt naxışları olan parlaq örtüklə üzlənmiş prototiplər, Cənubi Koreyanın Kanvondo vilayətindəki avtodromda dövrə vurublar.

Hyundai Veloster hetçbekinin baza variantının 2,0-litrlik atmosfer mühərriki ilə təchiz ediləcəyi ehtimal edilir. Elantra modelində quraşdırılan bu aqreqat 162 at qüvvəsinə malikdir. Hetçbekin Veloster Turbo modifikasiyası isə, 200 at qüvvəsi hasil edən 1,6-litrlik turbomühərriklə təchiz ediləcəkdir.

Turbohetçbek altı pilləli mexaniki və yaxud yeddi diapazonlu robotlaşdırılmış ötürmələr qutusu ilə təklif ediləcəkdir. Hyundai Veloster modelinin “qaynar” N-variantı 275 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrikə sahib olacaqdır. Bu mühərrik hazırda Hyundai i30 N modelində quraşdırılır.

Image alt Image alt Image alt Image alt Image alt

Hyundai Veloster modelinin birinci nəsli 2011-ci ildən istehsal edilir. Modelin əsas xüsusiyyəti assimetrik qapılara malik olmasıdır.  Məlum olduğu kimi, avtomobil sürücü tərəfdən bir, sərnişin tərəfdən isə, iki qapıya malikdir.

Hetçbekin mühərrik çeşidinə 1,6-litrlik atmosfer və turbo mühərrikləri daxildir. Atmosfer mühərrik 130 və 140, turbomotor isə 186 və 204 at qüvvəsinə malikdir. Hetçbekin ən güclü variantı 100 km/saat həddinə 7,4 saniyəyə sürətlənir.