Elektrik şəbəkəsindən qidalanan və elektrik enerjisi ilə hərəkətə gələn hibrid Porsche 911 sportkarı 2023-cü ildə işıq üzü görəcəkdir. Bu barədə Automotive News nəşrinə verdiyi müsahibəsində alman markasının rəhbəri Oliver Blum bildirib.

“911 modeli üçün vacib olan, onun elektrik şəbəkəsindən qidalana bilən hibrid güc qurğusu ilə təchiz edilən modifikasiyasının olmasıdır. Hesab edirəm ki, biz belə modifikasiyanı mütləq hazırlayacağıq”, - Blum bildirib. O, həmçinin belə bir modifikasiyanın buraxılması barədə qəti qərarın qəbul edilmədiyini də xüsusi ilə vurğulayıb. Çox güman ki, Porsche 911 modelinin hibrid variantı onun növbəti nəsli ilə birlikdə işıq üzü görəcəkdir. Mühəndislər batareya və güc qurğusunun bəzi elementlərini yerləşdirilmək imkanı verən yeni platformanı yaratmalıdırlar. Əvvəllər, məhz avtomobilin çəkisini artıran və idarəetməyə mənfi təsir edən akkumulyatorlar ucbatından 911 modelinin hibrid və elektrik variantını yaratmaqdan imtina edilmişdir. Blum yeni nəsil Porsche 911 sportkarında daha qabaqcıl batareyalardan istifadə ediləcəyinə ümid edir.

Gözlənilənlərə görə, sportkar elektrik ötürməsi ilə 70 kilometr getmək imkanı verən 47 amper-saatlıq batareyalara sahib olacaqdır.