Qeyd etmək lazımdır ki, Dubay polis departamentinin dünyada ən “bərkgedən” avtomobillərdən ibarət olan “donanması” dillərə dastan olub. Dizayner Nikia Aksyonovun fikrincə, bu günlərdə təqdim edilən və dünyanın ən sürətli krossoveri sayılan Lamborghini Urus modelinin Dubay polisində xidmətə başlaması labüd bir prosesdir.

Bu məqsədlə, rus dizayner Lamborghini Urus krossoverini Dubay polisinə məxsus olan ağ-yaşıl rənglərdə livreyaya “geyindirmək” qərarına gəib. Xatırladaq ki, Aksyonoiv bir müddət bundan öncə, “bərkgedən” krossoveri italyan polisinin rənglərində olan livreyaya “geyindirmişdi”.  Adi superkarlardan fərqli olaraq, Urus krossoveri patrul xidməti aparmaq üçün daha məqsədəuyğun sayılır.

Dubai polisinin sərəncamında onlarla ən sürətli avtomobillər vardır. Bunların arasında Porsche 918 Spyder, Audi R8, Aston Martin One-77, Bentley Continental GT, BMW M6, Bugatti Veyron, Ferrari FF, Ford Mustang, Lamorghini Aventador, McLaren MP4-12C, Mercedes-AMG SL 63, Mercedes-AMG SLS, Mercedes-AMG G63, Nissan GT-R və Lexus RC F avtomobilləri də vardır.

Lamborghini Urus 650 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki və səkkiz diapazonlu ZF avtomatik ötürmələr qutusu ilə təklif edilir. Bu tandem 100 kilometrə qarışıq rejimdə 12,7 litr yanacaq sərf edir. Yeni krossover Volkswagen qrupunun MLB Evo modul platformasında inşa edilib. Bu platformadan Audi Q7,  Porsche Cayenne və Bentley Bentayga modellərinin istehsalı zamanı istifadə edilir.

Urus tamamilə aliminumdan hazırlanmış kuzova, tam idarələnən şassiyə, həmçinin aktiv arxa differensiala və elektromexaniki aktiv stabilizatorları olan pnevmatik adaptiv asqıya malikdir.