Oettinger tüninq atelyesi "avtoşları" lərzəyə gətirəcək polis avtomobilini hazırlayıb

Başqa ölkələrdən fərqli olaraq Almaniya polisi limitsiz avtobanlarda təqib üçün sürətli nəqliyyat vasitələrinə möhtacdır. Lakin, nə qədər qəribə görünsə də, alman hüquq-mühafizə orqanlarının büdcəsi Porsche 911 və ya Mercedes-AMG GT kimi "bərkgedən" sportkarları almaq üçün yetərli deyil. Bəs nə etmək gərəkdir?

Oettinger tüninq atelyesi bu suala cavabı tapıb. Alman tüninq ustaları bir neçə həftə bundan öncə Essendə keçirilmiş tüninq sərgisində Volkswagen Golf R "qaynar" hetçbekinin bazasında hazırladıqları patrul avtomobilini nümayiş etdiriblər.

Qaynar hetçbek alman polisinin livreyası ilə yanaşı damın üzərində quraşdırılan çilçırağa və xüsusi polis avadanlığına sahib olub.

Əlbəttə ki, qayda pozanları təqib edən polis avtomobili aqressiv görkəmə də malik olmalıdır. Tünerlər avtomobili tərkibinə ön splitter, yan ətəklər, arxa diffuzor və dama quraşdırılan spoyler daxil olan aerodinamik kuzov dəsti ilə təchiz ediblər. 

Bununla yanaşı avtomobil 90 millimetrlik dörd çıxış borusu olan səsboğucu sistemə, kiçik profilli Hankook təkər diskləri ilə təchiz edilən 20-düymlük təkər disklərinə sahib olub. Oettinger 310 at qüvvəli 2,0-litrlik dörd silindrli mühərrikin gücünü 400 at qüvvəsinə qədər artırıb. Nəticədə bərkgedən hetçbek 100 km/saat sürətini 3,6 saniyəyə toplayır. Onun maksimal sürəti isə 300 km/saatdır.

Lakin, hələlik alman avtoşları rahat nəfəs ala bilərlər. Bu canavarın avtobanda xidmətə başlaması üçün müəyyən müddət lazımdır.

Oettinger polis avtomobilini Federal nəqliyyat nazirliyinin dəstəklədiyi  Tune it! Safe! kampaniyasının çərçivəsində hazırlanıbdır.  

ДРУГИЕ СТАТЬИ