Bentley şirkəti Amerikada keçirilən Payks Pik dağına çıxma yarışlarında iştirak etmək niyyətindədir. Bu məqsədlə istehsalçıının avtoidman bölümü Bentayga modelinin xüsusi hazırlanmış variantını yaratmaq tapşırığı alıb.

Britaniya istehsalçısı yarış krossoveri barədə ətraflı məlumat verməsə də, onun 608 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 mühərriki ilə təchiz ediləcəyini bildirib. Krossover pnevmatik asqını, tam çəkiş sistemini və 48-voltluq şəbəkədən qidalanan aktiv köndələn dayanıqlılıq stabilizatorlarını qoruyub-saxlayacağını bildirib.

Bentley nümayəndələri Payks Pikə yollanacaq krossoverin, bu trassda seriya ofroderlərinə məxsus olan rekord zamanını yeniləməyə cəhd edəcəyini də söyləyiblər. Hazırda Payks Pikin ən sürətli seriya ofroderi Range Rover Sport modelidir. 510 at qüvvəli ofroder 2013-cü ildə 156 döngəsi olan 20-kilometrlik trassı 12 dəqiqə 35,51 saniyəyə qət etmişdir.