Alfa Romeo şirkətinin rəhbərliyi 6C kupesinin hazırlanmasına “yaşıl işq” yandırıblar. Bu barədə şirkət daxilində olan “Alfa Romeo rəhbərliyinə yaxın olan etibarlı mənbə” istinadən Pogea Racing tüninq atelyesi məlumat verib.

Pogea Racing atelyesi Alfa Romeo avtomobillərinin təkmilləşdirilməsi ilə məşğul olur və bu firmanın italyan markası ilə ciddi işgüzar münasibətləri mövcuddur. Bu səbəbdən də atelye rəhbərliyinin yeni kupe haqqında məlumatına inanmaq olar. Digər tərəfdən, Sercio Markionenin Detroyt avtosalonundakı bəyanatı yeni kupenin buraxılacağına təminat verir. Alyans rəhbəri Alfa Romeo və Maserati brendlərini inkişaf etdirməməyin özünəqəsd olduğunu bildirib.

Hələlik Alfa Romeo 6C modelinin texniki hissəsi barədə dolğun məlumat yoxdur. Məntiqə dayansaq, yeni kupenin Giorgio platformasında inşa ediləcəyini ehtimal etmək olar. Bu platformadan artıq Alfa Romeo Giulia sedanın istehsalında istifadə edilir. Şübhəsiz  ki, Alfa Romeo 6C modeli “bərkgedən” Quadrifoglio modellərindən  alınmış 510 at qüvvəli 2,9-litrlik altısilindrli mühərrikinə sahib olacaqdır. Xatırladaq ki, bu mühərrik Ferrari mütəxəssisləri tərəfindən yaradılmışdır.

Çox güman ki, 6C kupesi standart olaraq arxa çəkişli olacaqdır. Əlavə ödənişlə tam çəkiş sistemini də sifariş etmək mümkün olmalıdır. Alfa Romeo 6C modelinin açıq variantının da buraxılacağı istisna olunmur.  Yeni modelin bu il keçiriləcək avtosalonların birində təqdim ediləcəyi də istisna olunmur. Onun istehsalına isə, 2020-ci ildə başlanacaqdır.