Amerika Birləşmiş Ştatlarının ümumi istifadə yollarında ilk Tesla Semi yük avtomobili görünüb. UPS şirkətinin ofisinin yaxınlığından keçən elektrik yük avtomobilinin əks etdirildiyi videoçarxı özünün YouTube kanalında Brandon Camargo adlı istifadəçi yerləşdirib. Xatırladaq ki, Automotive News nəşrinin məlumatına görə, UPS kuryer xidməti 125 ədəd Tesla Semi modelini sifariş edib.

Hər bir Tesla Semi modelinin qiyməti 150 min dollardır. Beləliklə, UPS bu partiya üçün 18 milyon 750 min dollar ödəyəcəkdir. Hazırda Tesla Motors yük avtomobili üçün 20 min dollar depozit qəbul edir. Bu günə qədər elektrik yük avtomobilinin ən iri sifarişçisi Pepsi və Lay’s brendlərinin sahibi olan PepsiCo şirkəti sayılırdı. Sərinləşdirici içki və populyar çipslərin istehsalçısı 100 ədəd yük avtomobili üçün beh ödəyib. Tesla Semi elektrik yük avtomobili noyabr ayının ortalarında təqdim edilib.

Yük avtomobili arxa oxda yerləşdirilən dörd elektrik mühərriki ilə hərəkətə gəlir. Güc qurğusunun xarakteristikaları açıqlanmasa da, yük avtomobilinin 100 km/saat həddinə beş saniyəyə sürətləndiyi və 805 kilometr yürüş məsafəsinə malik olduğu bildirilib. Bundan başqa, İlon Mask Tesla Semi modelinin 40 tonluq yedəklə 60 mil/saat (96 km/saat) həddinə 20 saniyəyə sürətləndiyini bildirib. Eyni zamanda, yüklənmiş avtomobil beş dərəcəlik yoxuşda 105 km/saat sürəti ilə hərəkət etmək iqtidarındadır.