Dünən İnternet şəbəkəsində Ferrari 488 GTB modelinin "bərkgedən" variantı olan 488 GTO (Gran Turismo Omologata) superkarına aid olduğu ehtimal edilən fotoşəkil peyda olub. Təsvirdən də göründüyü kimi, model xüsusi aerodinamik kuzov dəstinə və kuzov boyu uzanan zolaqlara sahib olub. Fotoşəkili FerrariChat forumunun iştirakçılarından biri dərc edib.

Bu model italyan markasının səkkiz silindrli mühərriki ilə təchiz edilən ən güclü mülki avtomobili olacaqdır. Superkar haqqında ilk məlumatı FerrariPhotoPage saytı dərc edib. Yeni superkar Ferrari 488 Challenge modifikasiyasının  təkmilləşdirilmiş mühərrikini əldə edəcəkdir.

Beləliklə, 488 GTO superkarı 700 at qüvvəsi hasil edən 3,9-litrlik V8 turbomühərrikinə sahib olacaqdır. Eyni zamanda, təkmilləşdirilmiş mühərrik sələfindən 10% yüngül olacaqdır. GTO modeli digər Ferrari modellərinə nisbətən daha çox karbondan hazırlanmış detallara sahib olacaqdır. Avtomobilin kapotu, bamperləri, arxa spoyleri, cihazlar paneli və mərkəzi tonneli karbonplastikdən hazırlanacaqdır. Yeni kuzov dəsti elementləri sayəsində superkarın aerodinamik göstəriciləri 20% yaxşılaşacaqdır.

Bundan başqa, superkar yüngülləşdirilmiş interyerə, alüminium döşəməyə, standart diskərdən 40% yüngül olan təkər disklərinə, Michelin Sport Cup 2 şinlərinə və aktiv arxa antiqanada sahib olacaqdır.  Üstəlik, modelin sükan çarxının və transmissiyasının tənzimləmələri adi 488 GTB modelindən fərqlənəcəkdir.