Honda şirkəti yeni krossover buraxmağı planlaşdırır. Bu krossover üçün yapon istehsalçısı Passport adını dirçəltmək qərarına gəlib. Bu barədə məlumatı şəxsi mənbələrinə istinadən Automotive News nəşri yayıb.

İlkin məlumata görə, yeni avtomobil istehsalçının model xəttində CR-V və Pilot arasında qərarlaşacaqdır. Beş metrlik krossover platformasını bölüşdüyü Pilot modelindən 15 santimetr qısa olacaqdır. Honda Passport modelinin qabarit uzunluğu 4800 millimetr olmalıdır. Beləliklə, yeni model öz ölçülərinə görə Nissan Murano və Toyota Fortuner modellərinə yaxın olacaqdır. Honda, bu ilin noyabrında təşkil ediləcək bağlı tədbirdə yeni modeli amerikan dilerlərinə nümayiş etdirəcəkdir.

Krossoverin kütləvi təqdimatı isə, Los-Anjeles avtosalonunda baş tutacaqdır. Honda Passport Alabama ştatındakı Linkolndakı zavodda istehsal ediləcəkdir. Bu model sırf Amerika bazarı üçün nəzərdə tutulub və istehsalçının model xəttində dördüncü krossover olacaqdır. Yapon markasının ilk krossoveri olan Honda Passport 1994-2002-ci illər arasında istehsal edilib. Əslində Honda Passport modeli, o zaman istehsal edilən digər yapon ofroderi İsuzu Rodeo modelinin dizaynı dəyişdirilmiş variantı olub.