Porsche şirkəti model xəttinin elektrikləşdirilməsinə qoyulan sərmayəni üç milyard avrodan altı milyarda qədər artıracaqdır. Bu məbləği 2022-ci ilə qədər xərcləmək nəzərdə tutulur. Müvafiq qərar alman şirkətinin müşahidə şurasının sonuncu yığıncağında qəbul edilib.

Ümumilikdə əlavə məbləğin bir milyard avro məbləğində olan hissəsi mövcud olan modellərin elektrik və hibrid modifikasiyasının yaradılmasına yönəldiləcəkdir. 500 milyon avro Mission E elektrokarının və onun versiyalarının seriya istehsalına başlanılmasına istifadə ediləcəkdir.

700 milyon avro yeni texnologiyaların, enerji doldurma infrastrukturunun və “ağıllı” elektron sistemlərin yaradılmasına sərf ediləcəkdir. Bir neçə yüz milyon avro müəssisənin genişləndirilməsinə xərclənəcəkdir.

Belə ki, hazırda Tsuffenhauzendə yeni boyama və yığma sexlərini, həmçinin boyanmış kuzovların və mühərrikləri son yığma zonasına nəql edəcək xüsusi transporteri inşa edirlər. Bundan başqa, mühərrik sexi təkmilləşdirilir və Vayssaxdakı tədqiqatlar və işləmələr mərkəzi də genişləndiriləcəkdir.