Lexus şirkəti gələn ay işinə başlayacaq Cenevrə avtosalonunda yeni UX krossoverini təqdim edəcəkdir. Mercedes-Benz GLA, Audi Q3 və BMW X3 krossoverlərinə rəqib olacaq yığcam avtomobilin ilk tizeri də yapon istehsalçısı tərəfindən dərc edilib.

Seriya modeli haqqında ətraflı məlumat yoxdur. Krossover, iki il bundan öncə Paris avtosalonunda debüt etmiş eyni adlı konseptin üslubunda yaradılıbdır. Yapon markasının Fransadakı dizayn-studiyasının mütəxəssisləri tərəfindən yaradılan konsept  tündləşmə imkanı olan elektroxrom şüşələr və “kinetik oturacaqlar” adlanan kreslolarla ilə təchiz edilirdi.

Əvvəllər Lexus UX krossoverinin CT 200h hibrid hetçbükini əvəz edəcəyi ehtimal olunurdu. Yeni krossover yapon premium avtomobillər istehsalçısının model cərgəsində NX krossoverindən bir pillə aşağıda qərarlaşmalıdır.  Lexus şirkəti Cenevrə avtosalonunda LF-1 Limitless konseptini və Lexus RX L yeddi yerli krossoverini də nümayiş etdirməyi planlaşdırır.