Acura şirkəti yeni nəsil RDX krossoverinin tizerini dərc edib. Tizerdən göründüyü kimi, seriya avtomobili bu ilin yanvarında Detroyt avtosalonunda nümayiş etdirilmiş eyni adlı konsepti dəqiqliklə təkrar edir. Yeni modelin kütləvi təqdimatı 28 mart tarixində işinə başlayacaq Nyu-York avtosalonunda keçiriləcəkdir.

Yeni Acura RDX krossoverinin əsasını Acura modelləri üçün istifadə ediləcək yeni platforma təşkil edəcəkdir. RDX krossoverinin üçüncü nəslinin təkər izi 63,5 millimetr daha geniş, onun təkər bazasının uzunluğu isə 2748 millimetrdir. İstehsalçı yeni platforma barədə başqa məlumat verməyib. 

Yeni krossover Honda Accord modelindən tanış olan 2,0-litrlik dörd silindrli turbomühərriklə təchiz ediləcəkdir. Sedanın kapotu altında yerləşdirilmiş mühərrik 252 at qüvvəsi və 369 Nm fırlanma anı hasil edir. Acura RDX modelindəki mühərrikin güc xarakteristikaları artırılacaqdır. Güc aqreqatı 10-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.

Acura RDX modelinin yeni nəsli təkmilləşdirilmiş SH-AWD tam çəkiş sistemi ilə təchiz ediləcəkdir. Bu sistem idarələnən dartma vektoruna və əvvəlkindən 1,5 dəfə daha çox fırlanma anını emal edən differensiala sahib olacaqdır.

Yeni krossoverin təchizatına işıqdiodlarından optika, dörd rejimi (Sport, Sport+, Comfort və Snow) tam çəkiş sistemi, 16 dinamikə malik olan 710-vattlıq ELS Studio səs sistemi, dairəvi görüntü sistemi, yoxuşda yerindən tərpənməyə kömək sistemi, 16 istiqamətdə tənzimlənən oturacaqlar, 10,2-düymlük ekranı olan multimedia sistemi, proyeksiya displeyi vəv səslə idarəetmə funksiyası daxil olacaqdır.