Honda şirkəti BTCC çempionatındakı tərəfdaşı olan Team Dynamics komandası ilə birlikdə Mean Mower otbiçəninin ikinci “qaynar” versiyasını hazırlayacaqdır. Yeni otbiçən əvvəlkindən Honda CBR 1000R Fireblade superbaykından alınmış daha güclü mühərriki ilə seçiləcəkdir.

Honda CBR 1000R Fireblade superbaykının 1,0-litrlik mühərrikinin gücü 192 at qüvvəsi, fırlanma anı isə 114 Nm təşkil edir. Bu mühərriklə təchiz edilən Mean Mower Mk2 215 km/saat həddinə kimi sürətlənə biləcəkdir.

HF 2620 Lawn Tractor otbiçəninin bazasında hazırlanmış ilk Mean Mower otbiçəni Honda VTR 1000F sportbaykının mühərriki ilə təchiz edilirdi. İlk otbiçən 100 km/saat həddini 4,0 saniyəyə toplayır, 209 km/saata qədər sürətlənirdi.

Mean Mower Mk1 dünyanın ən yeyin otbiçəni kimi Ginnesin rekordlar kitabına 2014-cü ildə daxil olub. Jurnalist Pirs Vord IDIADA-nın Tarraqonadakı (İspaniya) poliqonunda otbiçəndə 187,6 km/saat həddinə qədər sürətlənib.