Opel şirkəti yeni nəsil Opel Corsa GSi idman hetçbekini təqdim edib. Belə indeksə malik olan sonuncu Opel Corsa modeli 2007-ci ildə debüt etmişdir. Yeni model "bərkgedən" OPC modifikasiyasının şassisində yaradılıb və yenidən tənzimlənmiş idman asqısı ilə təchiz edilib.

İstehsalçı yeni "qaynar" hetçbek barədə ətraflı məlumat verməyib. "Motor-talk" saytının dərc etdiyi məlumatda Corsa GSi modelinin Corsa S modifikasiyasından alınmış 1,4-litrlik turbomühərrik və altı pilləli mexaniki transmissiya ilə təchiz edildiyi bildirilir. Bu mühərrikin 150 at qüvvəsi və 220 Nm fırlanma anına malik olduğu məlumdur. Yerindən 100 km/saat həddinə hetçbek 8,6 saniyəyə sürətlənməlidir. "Qaynar" hetçbekin maksimal sürəti 207 km/saat təşkil edəcəkdir. Avtomobilin asqısı Opel Performance Center mütəxəssisləri tərəfindən Nürburqrinq trekində tənzimlənmişdir.

Hetçbekin təchizatına arxa spoyler, Recaro idman oturacaqları, qırmızı əyləc supportları, 18-düymlük təkər diskləri və Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən multimedia sistemi daxildir.