Seat şirkəti 2020-ci ildə ilk seriya elektromobilini istehsal edəcəyini təsdiq edib və onun ilk tizerini nümayiş etdirib. Tizerdə elektrokarın ön fənəri təsvir edilib. Bu bəyanət şirkətin fəaliyyətinin nəticələrinə həsr edilmiş tədbirdə səslənib.

Artıq yeni elektromobilin Volkswagen şirkətinin I.D. elektrik prototipləri üçün istifadə etdiyi MEB model platformasında inşa ediləcəyi təsdiqini tapıb. Seat elektrokarının maksimal yürüş məsafəsi 500 kilometr olacaqdır. 

İspan istehsalçısı ilk elektrokarının ikinci səviyyəli avtonom idarəetmə sistemi ilə təchiz ediləcəyini də vurğulayıb. 2020-ci ildə Seat məişət elektrik şəbəkəsindən qidalanan hibrid modelini də təqdim edəcəkdir. Hibrid avtomobilin istehsalını Seat şirkətinin İspaniyanın Martorel şəhərindəki zavodunda təşkil edəcəkdirlər.

Tədbirdə şirkət nümayəndələri 2020-ci ilə kimi hər ay bir yeni modelin və ya modifikasiyanın istehsala gedəcəyini də bildiriblər. Bu siyahıdakı ilk avtomobil Tarraco adını almış krossover olacaqdır.