Ən güclü Chevrolet Corvette ZR1 modeli 60 mil/saat (96 km/saat) həddinə 2,85 saniyəyə sürətlənir. Bu barədə məlumatı Corvette Blogger-ə müsahibəsində markanın nümayəndəsi Harlan Çarl verib. Xatırladaq ki, bu günə qədər avtomobilin dinamik xüsusiyyətləri sirr olaraq saxlanılırdı.

100 mil/saat (160 km/saat) sürətini «bərkgedən» kupe altı saniyəyə toplayır. Dörddə bir dreq məsafəsini ZR1 10,6 saniyəyə qət edir. Məsafənin sonunda onun maksimal sürəti 215 km/saat təşkil edir. Corvette ZR1 modelinin maksimal sürəti 338 km/saatdır. Müqayisə üçün əvvəlki nəsil Corvette ZR1 modeli 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənirdi. Onun maksimal sürəti isə 322 km/saat təşkil edirdi. 

Corvette ZR1 modelinin kapotu altında 766 at qüvvəsi və 969 Nm fırlanma anı hasil edən 6,2-litrlik V8 mühərriki quraşdırılıb. LT5 indeksini almış güc aqreqatı Corvette Z06 modelinin LT4 mühərrikinin əsasında yaradılıbdır. Güc aqreqatı iki növ ötürmələr qutusu ilə təchiz edilə bilər: sifarişçlər yeddi pilləli mexaniki və səkkiz pilləli avtomatik ötürmələr qutusu arasında seçim edə bilərlər.