Subaru yeni Forester modelinin növbəti tizerini dərc edib

Nyu-York avtosalonu üçün artıq geriya sayım başlanıbdır. İki gündən sonra qapılarını ziyarətçilərin üzünə açacaq sərgidə Subaru şirkəti növbəti nəsil Forester modelini nümayiş etdirməyi planlaşdırır.

Bu gün yapon istehsalçısı yeni krossoverin daha bir tizerini dərc edib. Tizerdə yenə də avtomobilin C-formalı arxa fənəri, yeni baqaj qapağı və gümüş işləməsi olan arxa bamper  əks etdirilibdir. Xatırladaq ki, bir müddət bundan öncə, yeni avtomobilin jurnaldan skan edilmiş fotoşəkilləri də yayılmışdır. 

Şəkilləri müqayisə etdikdə təsvir edilən avtomobillərin arxa qapılarının fərqləndiyini müşahidə etmək olar. İstehsalçı tizeri dərc etməklə kifayətlənərək yeni model barədə heç bir məlumat verməyib. Buna baxmayaraq, növbəti nəsil Forester krossoverinin Subaru Global Platform (SGP) modul platformasında inşa ediləcəyini, dörd silindrli oppozit mühərrikləri, Lineatronic variatoru, simmetrik Symmetrical All-Wheel Drive tam çəkiş sistemi və EyeSight təhlükəsizlik sistemləri kompleksi ilə təchiz ediləcəyini inamla söyləmək olar.

Əlbəttə ki, Subaru şirkətinin Forester modelinin tS və STI modifikasiyalarının da təklif ediləcəyi ehtimalını da yaddan çıxarmaq gərək deyil.

Eyni zamanda, yeni krossoverin indi dəbdə olan hibrid güc qurğusu ilə təchiz ediləcəyini də ehtimal etmək olar. SGP modul platformasının elektromobillərə də uyğun gəldiyini nəzərə alaraq Forester elektrokrossoverinin də buraxılacağı istisna edilmir.

ДРУГИЕ СТАТЬИ