BMW şirkəti Mercedes-Maybach modelləri ilə rəqabət apara biləcək 9-Series bayraqdar modelini buraxmaq imkanını nəzərdən keçirir. Alman istehsalçısının model cərgəsində belə bir modelin peyda olacağına Autocar dərgisinə müsahibəsində BMW qrupunun dizayn üzrə vitse-prezidenti Ədriən Van Hoydonk işarə vurub.

«Biz 8-Series ilə kifayətlənmək niyyətində deyilik, - Hoydonk bildirib. - Bizim işimiz şirkətimizin hazırda inşa etmək iqtidarında olduğundan daha çox model yaratmaqdan ibarətdir. Komandamızın böyük planları mövcuddur. Hazırda 2030-cu ilə qədər olan model xətti üzərində işləyirik».

BMW 9-Series modelinin əsasını 8-Series modelində istifadə edilən modul platformasına bənzər platforma təşkil edəcəkdir. Mühərrik çeşidi də bənzər olmalıdır. Bunlar 320 at qüvvəsinə və 680 Nm fırlanma anına malik olan 3,0-litrlik dizel aqreqatı, həmçinin 530 at qüvvəli 4,4-litrlik V8 biturbo benzin mühərrikidir.