Pol di Resta Mizanoda keçirilən birinci yarışın qalibi olub. Bu yarışda qonaq qismində çıxış edən Aleks Zanardi yalnız uğursuz pit-stop səbəbi ilə yaxşı nəticə göstərə bilməyib.

DTM çempionatının tarixində keçirilən ilk gecə yarışı yaş trekdə başlayıb. Bir çox pilot yağış təkərləri ilə yarışa başlasalar da, mütləq pit-stop zamanı sliklərə keçiblər. Poulun sahibi Pol di Resta liderliyini qorusa da, bütün yarış boyu mövqeyini müdafiə etməli olub.

Başlanğıcda o mövqeyini çempionatın lideri Qəri Paffettdən, sonra isə BMW komandasının pilotu Filipp Enq, yarışın sonlarına yaxın isə komanda yoldaşı Edoardo Mortaradan qorumalı olub. Di Resta stardan bir neçə saniyə sonra mövqeyini Paffettə versə də, sonradan liderliyi qaytarmağa müvəffəq olub.

Bu iki pilot yeddinci dövrədəki pit-stopa qədər birinci və ikinci mövqedə yarışı davam etdiriblər.  Pit-stopdan iki dövrə sonra Paffett blokaja yol verərək trekin kənarına çıxıb və qayıdan zaman Mortaradan zərbə alıb. Nəticədə sükan idarəetməsi xəsarət alıb və mövsümün lideri yarışdan çəkilməli olub. Yarışın rəhbərliyi isə təhlükəsizlik avtomobilini trekə buraxmalı olub.

Restarda liderliyi Daniel Hunkandellanı (Mercedes) keçməyə müvəffəq olan Auqusto Farfus (BMW) ələ alıb. Bundan sonra ispan pilot mövqeyini itirməyə başlayıb və ikinci yerə Filipp Enq yüksəlib. BMW pilotu üçüncü dövrədəki pit-stopu sayəsində di Restanın önündə çıxb. Bundan sonra Auer ilə Spenqlerin qəzasından sonra trekə təhlükəsizlik avtomobili çıxıb. Restarda di Resta Enqi keçərək virtual lider olub. Sonra Pol səhvə yol verərəkEnqi yenidən irəli buraxıb. Enq tempi artıraraq Farfusun pit-stopundan sonra liderliyə yüksəlib.

Buna baxmayaraq gənc pilotun liderliyi uzun sürməyib - di Resta, Mortara və Robin Freyns də daxil olmaqla bir neçə pilotu irəli buraxıb. Yarışın sonlarında Mortara liderə hücum etməyə hazırlaşsa da, ona çatan Robinin hücumundan müdafiə olunmaq məcburiyyətində qalıb. Son dövrədə Robin italyan pilota hücum edərək onu keçməyə müvəffəq olub. Mortara üçüncülüklə barışmalı olub. Pol di Resta bu mövsümdə üçüncü qələbəsini əldə edərək Qəri Paffett ilə arasındakı xal fərqini birə endirib. Bu gün Mizanoda ikinci sıralama və yarış keçiriləcəkdir.