Alfa Romeo şirkəti model xəttinə iki yeni krossoveri əlavə etmək niyyətindədir. Bu krossoverlərin satışına yaxın üç ildə başlana bilər. Bunlardan biri Stelvio modelindən bir pillə yuxarıda duracaq bayraqdar krossoveridir ki, bu model Audi Q7 modeli ilə rəqabət aparmalıdır.

Digər krossover isə alıcılar uğrunda Audi Q3, BMW X1, Volvo XC40 və Range Rover Evoque ilə rəqabətə girişməlidir. AutoExpress nəşrinin bildirdiyinə görə, yığcam krossoverin əsasını Giulia və Stelvio modellərinin inşasında istifadə edilən Giorgio platforması təşkil edəcəkdir. Modelin baza versiyaları arxadan çəkişli olacaqdılrlar, tam çəkiş sistemi isə opsiya olaraq təklif ediləcəkdir.

Krossoverlərin mühərrik çeşidi 2,0-litrlik dörd silindrli benzin turbomühərriklərindən və hansısa hibrid qurğusundan ibarət olacaqdır. Bundan başqa, avtomobillər üçüncü səviyyə avtonom idarəetmə sisteminə də sahib olacaqdırlar. Bu sistem müəyyən edilmiş yollarda sərbəst hərəkəti nəzərdə tutur.

Əvvəllər Alfa Romeo markasının bayraqdar krossoverinin elektrik turboüfürməli 2.0-litrlik benzin mühərrikinin və 48 voltluq elektrik şəbəkəsinin daxil olduğu «yumşaq» hibrid qurğusu ilə təchiz ediləcəyi bildirilmişdir. Hibrid qurğunun hasilatının 350-400 at qüvvəsi arasında olacağı bildirilmişdir.