Əslində Bentley Continental GT modelinin yeni nəslinin testlərinə hələ keçən il yollanmalı idim. Dəbdəbəli avtomobillər istehsalçısı yeni modelin təqdimatını Barselonada keçirməyi planlaşdırırdı. Hətta, biletlər alınmış, mehmanxana da tutulmuşdur. Lakin, Katalunyada baş verən məlum hadisələr istehsalçını təqdimat məkanını və vaxtını dəyişməyə məcbur etdi.

Əlbəttə, Barselonanı görmək və məşhur Qaudinin əsərlərinə baxmaq hər kəsin arzusudur. Lakin, necə deyərlər «sən saydığını say, gör fələk nə sayır». Bir ay bundan öncə Bentley şirkətinin marketinq xidməti yeni modelin qlobal testlərinin Avstriyada baş tutacağı barədə məlumat verdi. Məlumatda təqdimatın Avstriyadakı Kitzbyuel dağ-xizək kurortunda keçiriləcəyi bildirilirdi.  Testlərin marşrutu isə iki ölkəni əhatə edirdi – Avstriya və İtaliya. Qeyd etmək lazımdır ki, testlərdən qayıtdıqdan sonra, Bentley şirkətinin marketinq xidmətinin məkandan asılı olmayaraq gözəl tədbir təşkil etdiyindən bir daha əmin oldum. Marşrutun əsas hissəsi Zaltsburq yaxınlığındakı Qrossqlokner aşırımından keçir və İtaliyanın Udine vilayətindəki Fruli-Venesiya-Culiya regionunun Sauris kommunasına baş çəkilməsini nəzərdə tuturdu. Etiraf etməliyəm ki, hər iki məkanda füsunkar təbiət ilə qarşılaşacağımı gözləmirdim.

Keçək əsərimizin qəhramanına. Yeni nəsil Bentley Continental GT modeli keçən ilin avqust ayında təqdim edilib. O zaman biz saytımızda yeni model haqqında ətraflı məlumat vermişdik. Hazırda sizi uzun-uzadı yazılmış mətbuat üçün açıqlama materialları ilə yormaq fikrindən uzağam. 

Zahiri cəhətdən avtomobil Continental modellərinə xas olan ənənəvi cizgilərə malikdir – bunlara misal olaraq tanış silueti və gücü əks etdirən arxa qanadların formasını misal gətirmək olar. Bununla belə, yeni avtomobili əvvəlki model ilə səhv salmaq qətiyyən mümkün deyildir.

Qeyd etmək gərəkdir ki, avtomobilin ölçüləri bir qədər dəyişib. Əvvəllər avtomobilin 4805 millimetr uzunluğa malik olması barədə məlumat yayılmışdır. Lakin, əslində yeni kupe əvvəlkindən 32 millimetr uzun olub.

Çox güman ki, mətbuat üçün açılama mətnini yazan zaman mexaniki səhv gedibmiş. Eyni zamanda, yeni model əvvəlkindən 7 millimetr enli və 9 millimetr alçaqdır. Beləliklə, Continental GT modelinin qabarit uzunluğu 4850 millimetr, eni 1954 millimetr, hündürlüyü isə 1392 millimetrdir.  

Elə avtomobilə ilk baxışdan onun sələfindən daha enli və alçaq olduğu nəzərə çarpır. Bunun digər bir səbəbi də enli və daha nazik formalı radiator barmaqlığının olmasıdır - yeni radiator barmaqlığı avtomobili vizual olaraq daha geniş göstərir. Bir sözlə, avtomobil həm tanınan, həm də çox cəlbedici alınıb. Təqdimat mərasimində çıxış edən Bentley markasının şef-dizayneri Ştefan Zilaff yeni Continental GT modelinin yaradan tanınmış dizaynerlərlədən ibarət olan komandanın möhtəşəm Spartan Executive təyyarəsindən ilham aldıqlarını bildirib.

Yeri gəlmişkən, Dölzaxda etdiyimiz fasilə zamanı bu məşhur təyyarə ilə yaxından tanış olmaq şansımız da vardı.

Mən əvvəlki nəsil Bentley Continental GT modelinin testlərində də iştirak etmişəm. İkinci nəsil Bentley Continental GT güclü mühərrikə və dəbdəbəli interyerə malik olsa da, onu çevik avtomobil adlandırmaq olmazdı. Yeni Continental GT isə tamamilə başqa bir avtomobildir. Məlum olduğu kimi, yeni Continental GT modeli Porsche mühəndisləri tərəfindən hazırlanmış MSB modul platformasında inşa edilib. Bu platformanın tətbiqi avtomobilin təkər bazasını 110 millimetr genişləndirməyə imkan yaradıb. Əlavə olaraq, ön oxun 135 millimetr önə çəkilməsi, oxlar arasında çəkinin bölünməsi nisbətini on oxun xeyrinə 55:45 nisbətində paylanmasına şərait yaradıb.

Bundan başqa, yeni kupe cütlənmiş köndələn qolları olan ön və çoxqollu arxa asqı, həmçinin üçkameralı pnevmatik dayaqlara malikdir.  Pnevmatik asqı əvvəlkindən 60% daha çox hava qəbul edir və istənilən yol şəraitinə uyğunlaşmaq qabiliyyətinə malikdir. Yeni asqı sayəsində 21 və ya 22-düymlük disklərə malik olan avtomobildə əla komfort qorunub-saxlanmışdır. 

Kupe Bentayga modelindən tanış olan, 48 voltluq şəbəkədən qidalanan elektrik aktuatorları ilə işləyən stabilizasiya sisteminə də sahib olub. Bu kupenin həm yaxşı idarəetmə qabiliyyətinə, həm də rahatlıq imkanlarına malik olduğundan xəbər verir.

Çox güman ki, testlərin marşrutunun Qrossqlokner aşırımıdan salınması təsdüfi xarakter daşımırdı - ilan kimi qıvrılan yolları sürətlə qət etməkdə «Konti» heç də sportkarlardan geri qalmır.

Əsasən də, idarəetmə elektronikasının «Sport» rejimində avtomobili dağ yollarında idarə etmək xüsusi həzz verir. Bu rejimdə avtomobil sanki bütün qüvvəsini səfərbər edərək sizi məmnun etməyə çalışır. Üstəlik, ötürmələri müşayət edilən akselerassiya insanın qulağını oxşayır.

Tam ötürməli çəkiş sistemi də «Kontinin» əla idarələnməsinə təminat verən faktorlardan biridir.

Yeni kupe Bentayga krossoverindən tanış olan 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 güc aqreqatı ilə təklif edilir. Mühərrik səkkiz diapazonlu iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Akselerator pedalının döşəməyə «möhürlənməsi» vulkansayağı sürətlənmə ilə müşayət olunur. Avtobanların birində belə sürətlənmə hətta sərnişin oturacağında əyləşən mərakeşli həmkarımı qorxutmuşdur da. Bu sizə zarafat gəlməsin - 2250 kiloqram çəkiyə malik olan Continental GT 100 km/saat həddini 3,7 saniyəyə toplayır və 333 km/saat maksimal sürət həddinə malikdir.

Yeni Bentley Continental GT modelinin salonunda  insan özünü tamamilə başqa aləmdə hiss edir. Qeyd etmək gərəkdir ki, avtomobilin ön paneli və mərkəzi konsolu tamamilə yeni arxitekturaya malikdir. Lakin, Bentley interyerlərinin tanınan elementi olan «açılmış qanadlar» axitekturası da qorunub-saxlanmışdır. Əsasən də, bir çoxlarının diqqətini ilkin olaraq mərkəzi konsoldakı 12,3-düymlük sensorlu ekran cəlb edir. Bu ekran vasitəsi ilə avtomobilin əksər sistemlərini idarə etmək mümkündür.

Üstəlik, bu panel üç rejimə malikdir: avtomobil dayanarkən panel fırlanaraq bağlanır. Avtomobil hərəkət halında olduqda sürücü «Screen» düyməsinə basmaqla iki vəziyyətdən birini seçə bilər: ya sensorlu ekran, və yaxud da üçü analoji cihazları olan panel. Bu cihazlar temperatur göstəricisindən, kompas və xronometrdən ibarətdir.  Avtomobilin salon tərtibatında istifadə edilən materialların keyfiyyəti dəfələrlə yaxşılaşıb.

Azərbaycanlıların «paxlava» adlandırdığı və ən çox sevdiyi dəri üzərindəki robmşəkilli fiqurların sayı da əvvəlkindən qat-qat çoxdur. Üstəlik, bu elementləri həm oturacaqlarda, həm də qapı panellərində görmək olar.

İnteryerdəki ən gözəgəlimli və toxunmaqdan həzz aldığım element şayba formalı düymələrin «almaz» riflənməsi idi - hər zaman bu düymələrə toxunmaq istəyirsən. Bentley Continental GT modelinin ön oturacaqları barədə saatlarla danışmaq olar. Oturacaqlar o qədər rahat, o qədər güclü dəstəyə malikdirlər ki, onlardan düşmək belə istəmirsən. Bütün günümüzü demək olar ki, bu oturacaqlarda keçirdiyimizə baxmayaraq yorulmaq nə olduğunu bilmədik.

Bakıya qayıtdıqdan sonra isə, uzun müddət avtomobilimin idman oturacaqlarına yenidən adaptasiya etmək məcburiyyətində qalmışdım.

Sonunda nə demək olar?

Qısa sinaqlardan sonra, yeni nəsil Bentley Continental GT kupesinin ən arzuladığım Grand Tourer olduğu qənaətinə gəldim. Güclü, dəbdəbəli, komfortlu və eyni zamanda sportkarlara meydan oxumaq iqtidarında olan avtomobildən imtina etmək mümkün deyildir. Artıq avtomobili təhvil verən zaman keçirdiyim hissləri anlaya bilərsiniz...

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt