Audi şirkəti R8 modelinin xələfindən imtina etmək fikrində deyildir. Lakin, modelin konsepsiyası tamamilə dəyişə bilər. Autocar nəşrinin əldə etdiyi məlumata görə, R8 adı elektrik hiperkarına qismət olacaqdır. Eyni zamanda, hiperkar e-tron indeksini də əldə edəcəkdir.

Xatırladaq ki, alman markası R8 e-tron modelini 2015-2016-ci illərdə istehsal edib. Lakin, cüzi tələbat modelin konveyerdən çıxarılmasına səbəb olmuşdur. Üçüncü nəsil Audi R8 modelinin buraxılışı ilə birlikdə alman istehsalçısı tamamilə V10 mühərrikindən imtina edərək sportkarı yalnız elektrik güc qurğusu ilə təchiz edəcəkdir. Yeni kupe cari R8 modelindən proporsiya və dizaynı ilə seçiləcəkdir. Yeni modelin dizaynı PB18 e-tron konseptində tətbiq edilən dizayn üslubunda hazırlanacaqdır.

Audi PB18 e-tron konsepti Pebbl-Biçdə keçirilən Zəriflik müsabiqəsində təqdim edilib. Konsept üç elektromotorla hərəkətə gəlir. Bunlardan ikisi arxada, biri isə öndə yerləşdirilib. Ümumilikdə elektrik güc qurğusu 680 at qüvvəsi və 830 Nm fırlanma anı hasil edir. Qısa müddət ərizndə güc 775 at qüvvəsinə qədər də artırıla bilər. Audi PB18 e-tron modeli monokokda bərkidilən və köndələn istiqamətdə hərəkət edən sürücü oturacağına və cihazlar panelinə malikdir. 

Audi PB18 e-tron